Hazırda Amerika Birləşmiş Ştatları ilə Ermənistanın birgə hərbi təlim keçirmələri İran-Ermənistan münasibətlərinin sadəcə bir elementidir. Bütövlükdə isə strateji dərinlikdə İran və Ermənistan münasibətləri dərin ittifaq münasibətləridir.
Ona görə də bu, zahiri bir münasibətdir. Hesab edirəm ki, əksinə, İran üçün bu bir fürsətdir ki, İrana qarşı tətbiq olunan blokadalarda Amerika Birləşmiş Ştatları müəyyən yumşalmalara getsin, bu da müşahidə olunmaqdadır. Çünki biz bilirik ki, zahiri diplomatiyaya baxmayaraq, dərin qatlarda İranla Amerika Birləşmiş Ştatları arasında müəyyən məsələlər üzrə razılaşmalar aparılır. Ona görə də bu aldadıcıdır və bu hadisə İran-Ermənistan münasibətlərinə heç bir halda təsir göstərməyəcək. İran Ermənistanın müdafiəçisi olaraq qalacaqdır və İran- Ermənistan İttifaqı hazırkı mərhələdə Azərbaycana qarşı ən təsirli bir ittifaqdır. Ona görə düşünürəm ki, biz bu cür zahiri gedişlərə, İran nümayəndə heyətinin Azərbaycana gəlməsinə, xoş mesajlar verməsinə inanmamalıyıq və inanmırıq. Biz yaxşı xatırlayırıq ki, 1992-ci ildə mayın 8-də Azərbaycan prezidentinin vəzifələrini icra edən Yaqub Məmmədov İrana səfərə çağırıldı və nəticədə Şuşa getdi. Azərbaycan artıq o Azərbaycan deyil ki, İranın üzdə dost görünüb, arxadan Azərbaycanı xəncərləməsini başa düşməsin və yaxud ona qarşı hazırlıqlı olmasın.
Millət vəkili Hikmət Babaoğlu
visiontv.az