“İran təhlükəsindən xilas olmaq üçün orada yaşayan xalqlara azadlıq verilməlidir...”
“İran təhlükəsindən xilas olmaq üçün  orada yaşayan xalqlara azadlıq verilməlidir...”
02.05.2023 Hikmət Babaoğlu Tərəfindən

İsrail parlamentinin - Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə İsrail Xarici İşlər nazirliyinə müraciət göndərib. Sizcə bu müraciətin səbəbi nədir? Və bu müraciətin hansı müsbət tərəfləri var?

Bir də 10-15 gün bundan əvvəl İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin İsrailə səfəri və görüşləri azərbaycanlıları narahat etdi və qəzəbləndirdi. Sizcə indi İsrailin Parlanmentin bu addımız bu narazlığı aradan götürülməsinə yönəlib? Bu suallarla bağlı millət vəkili Hikmət Babaoğlunun Visiontv.az saytına açıqlamasını sizə təqdim edirik:

“Çox təəssüf ki, İran regionda terrorçu dövlətləri dəstəkləməklə regionda sülh və sabitliyin bərqərar olunmasına mənfi impluslar ötürmüş olur. Düşünürəm ki, 2020 – ci ildə əldə etdiyimiz tarixi zəfərdən sonra bu günə qədər Zəngəzur dəhlizinin açılmaması və sülh əldə olunmamasında İranın da rolu var. Çünki, daima Ermənistana təzyiq etməklə Azərbaycana qarşı ən sərt, diplomatik hərbi siyasi vasitələrdən istifadə etməklə və Ermənistana kömək etməklə erməni tərəfini sülhdən yayındırmağa çalışıbdır. Regionda sülhə nail olunmasına maneəçilik törədibdir. Bənzər məsələ Yaxın Şərqdə də mövcuddur.

Yəni, biz bilirik ki, İsrail də terrordan əziyyət çəkən ölkədir. İsrailin ərazisində də vaxtaşırı müəyyən terror hadisələri törədilir. Belə olan halda İranın təhdidi həm İsrailin təhlükəsizliyi üçün aktualdı həm də Azərbaycanın təhlükəsizliyi üçün aktualdır. Ona görə də ilkin mərhələdə şah rejiminin varisi olan Rza Pəhləvi ilə İsraildə görüşün keçirilməsi bəlkə də sırf İsrailin maraqları kontekstində aktualdır. Amma Cənubi Azərbaycan və Azərbaycana münasibətdə şübhəsiz ki, daha fərqli yanaşma zərurəti var ki, bu da Cənubi Azərbaycanlı parlamentarimizin İsrailə müraciət etməsinə gətirib çıxarıbdır.

Söhbət ondan gedir ki, İranda rejim dəyişikliyi onun region üçün təhlükəsizliyini bəlkə də azaltmaya bilər ancaq dövlət modelinin dəyişməsi və azadlıqların İran xalqına verilməsi regionumuz üçün yeni bir İran yarada bilər ki, burada da İran əhalisinin az qala yarısından çoxunu təşkil edən türklərin də ayrıca bir hüquqlarının da tanınması və onlara bundan sonrakı tarixi mərhələdə funksional rol və təşkilatlanma hüququnun verilməsi aktualdır.

Mən düşünürəm ki, dost İsrail də Azərbaycan da və regional aktorlar da İran təhlükəsi və təhdidindən birdəfəlik xilas olmaq istəyirlərsə, məsələni İranda yaşayan xalqlara azadlıq verilməsi kontekstində qoymalıdırlar. O cümlədən ən böyük xalq olan azərbaycanlılara və farslara hüquqların verilməsi lazımdır.  Fürsət yaradılmalıdır ki, Azərbaycanlılar da farslar da öz siyasi təşkilatlanmalarını həyata keçirib öz gələcəklərini təyin etsinlər. Eyni zamanda ərəblərə, kürdlərə və bəluclara da öz siyasi gələcəklərini qurmaqla bağlı hüquqlar tanınmalıdır. Əgər belə olarsa, regionda birdəfəlik İran təhdidindən qurtulmaq olar. Hesab edirəm ki, hadisələr elə bu istiqamətdə də inkişaf etməlidir...”


Bünyamin Bünyadzadə

Visiontv.az