Gunaz TV-nin məlumatına görə, İran ordusunun sözçüsü hökumətin atəşkəs dövründən hərbi gücünü artırmaq üçün istifadə etdiyini və ABŞ tərəfindən yeni hücum olacağı təqdirdə yeni müharibə cəbhələri açmağa hazır olduqlarını bildirib.
İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya Tehranda keçirilən hökumətyönlü toplantıda ordunun atəşkəs dövrünü də “müharibə dövrü kimi” qiymətləndirdiyini və bu müddətdə döyüş hazırlığını artırdığını deyib.
O, həmçinin İranın müxtəlif şəhərlərində keçirilən hökumətyönlü aksiyaları “düşmən planının məğlubiyyəti” və silahlı qüvvələrin ruh yüksəkliyinin güclənməsi kimi təqdim edib.
Əkrəminiya təhdid dolu açıqlamasında bildirib ki, İran “mühasirəyə alına bilən və məğlub edilən ölkə deyil” və hər hansı yeni hücum halında Tehran “yeni vasitə və üsullarla” düşmənlərinə qarşı yeni cəbhələr açacaq.
Ordunun sözçüsü Hörmüz boğazına da toxunaraq İran qüvvələrinin bu strateji su yoluna tam nəzarət etdiyini iddia edib və vəziyyətin “artıq keçmişə qayıtmayacağını” deyib.
visiontv.az