Tehran Vaşinqtonla sərt diplomatik manevrlər apardığı bir vaxtda, İran parlamentində Donald Trampın öldürülməsinə görə 50 milyon avro mükafat nəzərdə tutan təklif irəli sürülüb.
Müşahidəçilərin fikrincə, İran hakimiyyəti son həftələrdə üzləşdiyi hərbi və siyasi təzyiqlərdən sonra güc nümayiş etdirməyə çalışır və danışıqları güzəşt deyil, qarşıdurmanın başqa bir meydanı kimi görür.
Mütəxəsislərin fikrincə, İran rejimi öz düşüncəsinə görə Amerika ilə eyni səviyyədə olduğunu göstərmək istəyir. İslam Respublikası parlamenti tərəfindən qanun layihəsi şəklində təqdim edilən bu mükafat əslində rejimin Trampa qarşı başlatdığını düşündüyü psixoloji müharibənin tərkib hissəsidir.
Lakin bu ritorika daha konkret təhdidlərlə paralel davam edir. Tehran həmçinin Ərəb körfəzi və Hörmüz boğazında gəmiçiliyi poza biləcəyinə işarə edir. Hökumətyönlü dairələr isə “Starlink” kimi peyk sistemləri də daxil olmaqla peyk infrastrukturuna mümkün hücumları gündəmə gətiriblər.
Yaxın Şərq Siyasi İnformasiya Şəbəkəsinin (MEPIN) qurucusu doktor Erik Mandelin sözlərinə görə, Qərb hökumətləri İranın hərbi və sənaye infrastrukturuna vurulan zərərlərə baxaraq Tehranın çıxış yolu axtarmalı olduğunu düşünə bilər. Lakin İran rejimi eyni vəziyyəti tam fərqli şəkildə görür.
“Bu, onların bizim kimi düşünmədiyini anlamaq üçün mükəmməl fürsətdir”, — deyə Mandel bildirib.
Onun fikrincə, Tehran baxımından rejimin ayaqda qalması özü artıq bir qələbə sayılır.
“İranlılar düşünür ki, biz sağ qaldıq. Sağ qalmağımız o deməkdir ki, qalibik”, — deyə o bildirib.
Məhz “öncə sağ qalmaq” düşüncəsi Tehranın niyə həm Trampı hədələdiyini, həm də danışıqlara yer saxladığını izah edir. Erik Mandelin fikrincə, danışıqlar, atəşkəslər və gecikdirmələr hamısı bir məqsədə xidmət edir: vaxt qazanmaq.
“İranlılar atəşkəs əldə etdilər. Onlar yenidən silahlanır, dağıntılar altında qalan raketləri çıxarırlar. Çünki düşünürlər ki, danışıqları nə qədər uzatsalar və atəşkəs nə qədər davam etsə, vaxt uzatmaq sonda onları qalib edəcək”, — deyə o bildirib.
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Şayan Səmi isə hesab edir ki, Tehranın sui-qəsd ritorikası Vaşinqtonun eskalasiya üçün arqumentlərini gücləndirərək əks nəticə verə bilər.
“Tehrandakı bu adamlar anlamırlar ki, ABŞ prezidentini — özü də vəzifədə olan prezidenti — öldürmək istədiklərini demələrinin özü artıq məsələni adi milli təhlükəsizlik təhdidindən çıxarır”, — deyə Səmi bildirib. “Burada artıq dövlət aparatına qarşı hücumdan söhbət gedir.”
Onun sözlərinə görə, bu vəziyyət ABŞ-a mümkün hərbi cavabı sadəcə regional müdaxilə deyil, özünümüdafiə kimi təqdim etmək imkanı verə bilər.
“Amerika dünyaya deyə bilər ki, bu adamlar prezidentimizi öldürmək istəyirdilər və biz buna səssiz qala bilmərik”, — deyə Səmi əlavə edib.
Şayan Səmi Trampın son gecikdirmə qərarının əsasən körfəzdəki ərəb ölkələrinin təzyiqi ilə bağlı olduğu fikrini də rədd edib. Onun sözlərinə görə, bu qərarın vaxtı daha çox hərbi planlaşdırma və hədəf seçimi ilə əlaqəlidir.
“Bunun Ərəb körfəzi regionundakı ərəb ölkələrinin tələbi ilə heç bir əlaqəsi yoxdur”, — deyə o bildirib. “Bu tamamilə hərbi hazırlıq, planlaşdırma və vurulacaq hədəflərlə bağlı həll yollarının hazırlanması ilə əlaqədardır.”
Analitiklərin fikrincə, təhlükə ondadır ki, hər iki tərəf vaxtdan tamamilə fərqli məqsədlər üçün istifadə edir. Tramp daha əlverişli hərbi və iqtisadi şərait gözləyə bilər. Tehran isə böhranı uzunmüddətli tükəndirmə müharibəsinə çevirməyə çalışır.
visiontv.az