Çinin gömrük statistikası ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatından sonra İranla ikitərəfli ticarətin 70% azaldığını göstərir.
Çin gömrük məlumatlarına görə, bu ölkənin İranla aylıq ticarət dövriyyəsi mart və aprel aylarında orta hesabla 200 milyon dollar təşkil edib. Halbuki yanvar və fevral aylarında bu rəqəm təxminən 700 milyon dollar idi.
Çin gömrüyü illərdir İran neftinin alışına dair məlumatları ikitərəfli ticarət statistikasından ayrıca təqdim edir. Lakin “Kpler” şirkətinin məlumatlarına əsasən, Çin neftayırma zavodlarının İrandan gündəlik neft alışı ötən ay 1.16 milyon barrel olub ki, bu da əvvəlki aylara nisbətən təxminən 30% azalma deməkdir.
Məlumatlara görə, İranın Hörmüz boğazını bağlaması səbəbindən Çin ilə Körfəz ərəb ölkələri arasındakı ticarət də ciddi şəkildə azalıb. Bu azalma təkcə Körfəz ölkələrinin Çinə neft ixracına deyil, həm də Çinin həmin regiona ixracına təsir göstərib.
Ətraflı statistikalar göstərir ki, Çinin Küveyt, İraq və Qətərlə ticarəti yarıdan çox azalıb. Lakin Səudiyyə Ərəbistanı və BƏƏ ilə ticarətdə azalma nisbətən daha az olub, çünki bu ölkələr Hörmüz boğazını yan keçən alternativ marşrutlara çıxış imkanına malikdir.
Məlumata görə, Çin keçən il Körfəz ərəb ölkələri ilə təxminən 340 milyard dollarlıq ticarət aparıb ki, bu da İran iqtisadiyyatının ümumi həcminə bərabərdir.
Hörmüz boğazının bağlanması Çinin ümumi neft idxalına da təsir edib. Mart ayında Çinin neft idxalı 20% azalıb, ötən ay isə 38.5 milyon ton təşkil edib ki, bu da 2025-ci ilin apreli ilə müqayisədə 20% aşağıdır.
visiontv.az