İran 30 i ərzində 4 istiqamətdə Azərbaycana qarşı davamlı olaraq hibrid müharibə aparıb
İran 30 i ərzində  4 istiqamətdə Azərbaycana qarşı davamlı olaraq hibrid müharibə aparıb
02.02.2023 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakı şəhərində və bölgələrdə keçirilən əməliyyatlar nəticəsində, narkotik malların ticarəti ilə məşğul olan 36 nəfər saxlanılmış, 114 kq. narkotik vasitə, psixotrop maddə, 3 min ədəd ekstazi və metodon həbi dövriyədən çıxarılmışdır.

Bunlardan əlavə, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər də saxlanılaraq istintaqa təhvil verilmişdir.

Yeri gəlmişkən, başda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov olmaqla, əməyi keçən hər kəsə dərindən təşəkkür edirəm. Məhz, polis işçilərinin sayıqlığı, prinsipiallığı nəticəsində minlərlə ailənin faciəsinə səbəb ola biləcək cinayətlərin qarşısı alındı. Göz yaşları ilə, doğma övladlarına ölüm arzulayan bədbəxt analarla yəqin ki, rastlaşmısınız. Mən görmüşəm, dəhşətli mənzərədir.

Bütün yollar İrana aparır.

Son 30 ildə bu ölkə, davamlı şəkildə 4 istiqamətdə Azərbaycana qarşı hibrid müharibəsi aparmışdır.

1-ci istiqamət. Ermənistana iqtisadi, siyasi, hərbi, informasiya dəstəyi vermiş, Qarabağda separatçılığı dəstəkləmiş, işğal altında olan ərazilərin vəhşicəsinə talanmasında bilavasitə iştirak etmişdir.

2-ci istiqamət. Azərbaycanın demokratik, dünyəvi dövlət quruculuğunun İranyönlü teokratik idarəetmə sistemi ilə əvəzlənməsi üçün məqsədyönlü siyasət aparmışdır. Bundan ötrü azərbaycanlı tələbələr kütləvi şəkildə, Qum, Məşhəd şəhərlərinə ,,dini təhsil,, almağa göndərilir. SEPAH-n, ETTEALATIN və digər xüsusi xidmət orqanlarının nəzarəti altındakı düşərgələrdə təlimlərdə iştirak etdikdən sonra, konkret tapşırıqlarla Azərbaycana qaytarılır.

Bu istiqamət, İran dövlətinin bütün İslam ölkələrinə yönəlik xarici siyasətinin ANA xəttini təşkil edir. Yəməndə, Livanda, İraqda, Suriyada, Əfqanıstanda gedən proseslər, HİZBULLAH, HƏMAS kimi terror təşkilatlarının fəaliyyəti bunun sübutudur.

3-cü istiqamət. Narkotik vasitələrin və psixiotrop maddələrin kütləvi şəkildə ixracı. Heroin və digər narkotik maddələrlə yanaşı, İnsan orqanizmi üçün olduqca təhlükəli hesab olunan patı, şüşə, kokos, spayz kimi sintetik narkotiklər də İrandan gətirilir.

İranın daxilində narkotika ticarəti ilə məşğul olanlara qarşı ən ağır cəzalar tətbiq olunur. Hətta edam olunurlar. Azərbaycana narkotik ixracı, İran hakimiyyət dairələri tərəfindən nəinki qarşısı alınmır, əksinə təşviq olunur. Məqsəd Azərbaycan gəncliyini sarsıtmaq və genofondunu məhv etməkdir.

4-cü istiqamət Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Baltikyanı ölkələrdən başlayaraq, Rusiya-Azərbaycan-İran ərazisindən keçməklə, Hindistana qədər uzanan dəmiryoluna növbəti mərhələdə İraq, Küveyt və Körfəz ölkələrinin qoşulması nəzərdə tutulmuşdu. Sadəcə, Azərbaycanla İranı birləşdirən Astara-Rəşt dəmiryolu inşa olunmalıydı. 23 il keçməsinə baxmayaraq, Molla rejimi müxtəlif, gülünc bəhanələrlə Şimal-Cənub marşrutunun açılmasının qarşısını aldı. Bəhanələrdən biri guya ki, maliyyə vəsaitinin olmaması idi. Azərbaycan hökuməti yolun tikintisinə 500 milyon ABŞ dolları ayırmaqla bu bəhanəni də aradan qaldırdı. Amma Yol tikilmədi. İldə ən azı 30 milyon ton yük daşınması nəzərdə tutulmuşdu. Süveyş kanalından keçən, mövcud dəniz marşrutu ilə müqayisədə 2-2,5 dəfə az vaxt sərf olunmalı idi.

Şimal-Cənub nəqliyyat dəhlizinin istismarından, İran daxil, marşrutun keçdiyi bütün ölkələr iqtisadi gəlir əldə edəcəkdilər. Təəssüf ki, bir çox sahələrdə olduğu kimi, burada da İranın Azərbaycan düşmənçiliyi özünü göstərdi. Öz xalqının, dövlətinin ziyanına, ancaq riyakar Mollalar belə qərar verə bilərdilər.

Yazını başladığım mövzu ilə yekunlaşdırmaq istəyirəm. Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı apardığı mübarizə Azərbaycan xalqı tərəfindən tam dəstəklənir və alqışlanır. Düşmənə, cəmiyyətimizi zibilləməsinə imkan verməməliyik.

Millət vəkili Nəsib Məhəməliyev

visiontv.az