Bu gün Özbəkistanda post-İslam Kərimov dövrünün özünəməxsus siyasi həyatındakı ciddi dəyişikliklər bir çox beynəlxalq siyasi ekspertlərin və maliyyə qurumlarının marağına səbəb olmuşdur. Bu dəyişikliklər Orta Asiya dövlətlərinin ənənəvi xətlərindən fərqli olaraq Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatlar konsepsiyası nəticəsində özünü daha bariz göstərməyə başlamışdır.
nda ortaya belə bir sual çıxa bilər: Şavkat Mirziyoyevi ənənəvi xətlərdən imtina etməyə nə vadar etdi ki, o, Özbəkistanda özünəməxsus siyasi-iqtisadi islahatlar həyata keçirməyə başladı? Bunu Şavkat Mirziyoyevin dünyaya fərqli baxışından və illərlə onda formalaşmış qənaətdən, regionun problemlərinin əsas səbəblərini dərk etməsindən və həmçinin də onun öz fərdi psixoloji xarakterik xüsusiyyətlərindən irəli gələ bilən keyfiyyətləri ilə səciyyələndirmək olar.
Əlbbəttə ki, o, İslam Kərimov dövrünün kuluar intriqalarına tab gətirmiş və o dövrün qüvvələr nisbətini dəqiq hesablaya bilən və siyasi hakimiyyətə maneəsiz gəlməyi bacaran bir siyasi liderdir. Bir çox müşahidəçilərin fikrinə görə, Şavkat Mirziyoyev hamı ilə dil tapa bilən siyasətçi olsa da, strateji məqsədlər üçün üzdə yumşaq, daxilən isə sərt təbiətli dövlət adamıdır.
Sözsüz ki, Şavkat Mirziyoyevin bu xarakterik keyfiyyətləri, onun keçdiyi həyat yolu və üzləşdiyi çətinliklərlə bərabər ailədən əxz etdiyi və yaddaşlara hopdurulmuş dəyərlər sisteminin də hesabına formalaşmışdır. Tibb işçilərinin ailəsində dünyaya göz açmış bir insanın onun üzərində əks-olunan ailə tərbiyəsinin məhrəmliliynin, mərhəmətliliyinin və şəfqətliliyinin izlərini görmək bir o qədər də çətin deyil.
Ata Miromon qonşu Tacikistanın Qançin rayonunun Yaxtan yaşayış məntəqəsində yerli zadəgan nəslindən olan özbək ailəsində dünyaya göz açmışdı. Ata Miromon öz doğma ana dilində təhsil almaq üçün Özbəkistanda Tibb İnstitutuna daxil olur. Şavkatın anası ilə tanışlığı da bu illərə təsadüf edir. Miromon, eyni zamanda, çox ciddi ictimai aktiv bir şəxsiyyət idi. Lakin bu ailə zadəgan kökənli olduğuna görə Stalin dövründə əziyyətlərə tuş gəlmiş, bütün torpaq sahələri, qışlaqlar ailənin əlindən alınaraq qonşuluqdakı tacik kəndliləri arasında bölüşdürülmüşdü. Ailəyə də özbək millətçiləri damğası vurulmuşdu.
Bu vəziyyət ailəni öz doğma yurdlarından – Yaxtandan köç etməyə məcbur etdi. Yəni Miromon ailəsi, özbək milli şüurunun daşıyıcısı kimi, gələcək prezidentin yeniyetməlik dövründə geneloji olaraq nəsildən gələn milli dəyərlər sistemini balaca Şavkata aşılayacaqdı. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin gəncliyi də aparılan rəsmi kommunist ideologiyasına baxmayaraq, milli ruhlu zəminlər üzərində qurulmuşdu. Əslində, bu baxışlar Stalin repressiyalarından əziyyət çəkmiş bir ailənin təmkinli və ehtiyatlı davranışı gənc Şavkatın baxışlarında özünü büruzə verirdi.
Ata Miromon oğlu Şavkatın özü kimi sakit həyat sürməsini istəyirdi və onun ictimai-siyasi aktivliyini görüb narahat olurdu. Anasının vaxtsız ölümü isə gənc Şavkata və onun bacı-qardaşlarına çox ciddi psixoloji sarsıntılar yaşatdı. Ata Miromon öz mütəvazi həyat tərzi ilə övladlarına həm ata, həm də ana olmuşdu, ancaq bir çox hallarda hər işi çatdıra bilmirdi. Mirimonun iki bacısı isə ailənin yaşadığı Zaamin şəhərindən uzaqda məskunlaşmışdılar. Məhz Şavkatın təkidi ilə bu iztirablarına son qoymaq üçün Miromon ailəyə çox isti münasibət göstərən bir tatar qızı ilə evlənir.
Həqiqətən də, Şavkat və bacı-qardaşları bu xanımı anaları qədər çox sevirlər. Alagöz və olduqca istiqanlı tatar qızı da onların ona olan sevgisinə doğma anaları qədər qarşılıq verir. Təsadüfi deyildir ki, bu qarşılıqlı sevgiyə kölgə salmamaq üçün bu xanım, Şavkat və onun bacı-qardaşlarından onu öz doğma analarının adı ilə çağırmağı xahiş edir. Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilidən fərqli olaraq o, doğma olmayan bir insana patoloji nifrətlə deyil, ana məhəbbətinin qarşılığını görərək, onu sevir və hörmət göstərir.
Gənc Şavkat Mirziyoyev 1974-cü ildə Daşkənd İrriqasiya və Melorasiya Universitetinə daxil olur və bu institutu bitirdikdən sonra elə burada da məllimlik edir. 1981-ci ildə öz tələbəsi Ziro Atxonla tanış olur. Əslində, gənc alim üçün Fərqanə diyarının zəngin bir ailəsi ilə qohum olması onun gələcək karyerası üçün xüsusi əhəmiyyət daşıyacaqdı. Gələcək qayınata Moxmidjon Həşimovun o dövrün bir çox məsul vəzifələrində çalışan insanları ilə dostluğu vardı. Moxmidjon da məhz bu insanlara söykənərək böyük ticarət şəbəkəsinə malik idi.
Şavkat Mirziyoyev 1992-ci ilə qədər öz doğma institutunda kiçik elmi işçidən prorektor vəzifəsinə qədər yüksəlir və o, eyni zamanda, kommunist partiyası institut komitəsinin sədri vəzifəsini də daşıyırdı. O, 1990-cı ildə Özbəkistan Ali Sovetinin deputatı seçilir. 1994-cü ildə isə yenidən, bu dəfə müstəqil Özbəkistan dövlətinin parlament üzvü olur. 1996-cı ildə Özbəkistan prezidenti İslam Kərimovun sərəncamı ilə Şavkat Mirziyoyev Djizaq vilayətinin hakimi (icra hakimi) təyin olunur. 2001-ci ildən Səmərqənd vilayətinin icra hakimi təyin olunur.
Nəzərə almaq lazımdır ki, Daşkənddə siyasi hakimiyyətdə yerləşənlərin böyük əksəriyyəti İslam Kərimovla Səmərqənddən çıxma insanlar idi. Faktiki olaraq Özbəkistan Səmərqənd klanının əlində idi. Şavkat Mirziyoyevin ustalığı və siyasi dühası ona imkan verirdi ki, heç bir şeyə baxmadan bu klanın üzvü olmayanları tapdalayan Özbəkistan siyasi hakimiyyətinin ən mühüm vəzifələrini zəbt etmiş Səmərqənd klanının üzvləri ilə olduqca ehtiyatla və təmkinlə davransın.
Şavkat Mirziyoyev xaraktercə dinləməyi bacaran insandır. O susmağı, hisslərini gizlətməyi və qarşı tərəfi danışdırdıqca onun nə qədər səmimi və ya qeyri-səmimi olduğunu anlamağa çalışan həmsöhbətdir. O məhz bu keyfiyyətlərlə onu əhatəyə almış Səmərqənd klanından sağ-salamat qurtula bilmək imkanına malik oldu. Bax bu məqamda Şavkat Mirziyoyevin psixoloji xarakterik xüsusiyyətləri və bunun əsasında formalaşan keyfiyyətləri onun işinə çox yarayırdı. Şavkatın valideynlərinin keçdiyi həyat tərzi və ailənin, onların nəslinin repressiya burulğanından əziyyət çəkməsi xəbərdarlıqları onda öz hisslərini gizlədə bilmək vərdişlərinin yaratmışdı.
Həqiqət naminə etiraf edək ki, Səmərqənd qruplaşmasından əziyyət çəkən Özbəkistan siyasi hakimiyyətinin aparıcı şəxsiyyətlərindən biri də Milli Təhlükəsizlik Xidmətinin sədri Rüstəm İnayatov idi. Şavkat Mirziyoyevə bu kanaldan olan dəstək də nəzərdən qaçmamalıdır. Çünki Mirzəyoyevin Səmərqəndin icra hakimi işlədiyi müddətdə ərzaq qıtlığının qarşısını almaq üçün yerli mafiya qruplaşmalarına qarşı apardığı mübarizə arxası Daşkəndə bağlı olan yerli qruplaşmaların hiddətinə səbəb olmuşdu.
Artıq Şavkat Mirziyoyevə qarşı Özbəkistan baş prokurorluğunda ittihamlar səslənməyə başlamışdı ki, guya Şavkat Mirziyoyev onlarla mübarizəni əsassız aparır və bu insanların heç bir günahı yoxdur. Baş Prokuror bu barədə İslam Kərimova məruzə də etmişdi. Bu ziddiyyəti araşdırmaq üçün İslam Kərimov Rüstəm İnayatova tapşırıq verir. Rüstəm İnayatov bu məqamda Şavkat Mirziyoyevin həyatında çox ciddi rol oynayır. O, İslam Kərimova məlumat verir ki, Şavkat Mirziyoyev günahsızdır və Səmərqənddə insanları aclıq şəraitində saxlayan topdan satışçılar və monopolistlər barədə onun atdığı addımlar düzdür və haqlıdır.
Bu, İslam Kərimovun o qədər xoşuna gəlirdi ki, 2003-cü ildə Şavkat Mirziyoyevi yeni hökumətin başına gətirir. Ədalət naminə qeyd edək ki, bu irəliləyişdə və siyasi hakimiyyətin özbəkləşməsində Rüstəm İnayatovun da payı az olmamışdır. Gələcəkdə də Şavkatın qorunmasında İnayatovun Mirziyoyevə çox məsləhətləri olacaqdı. Rüstəm İnayatov saraydaxili intriqaları çox gözəl bilirdi. Bu məsləhətləşmələrin nəticəsi kimi Şavkat Mirziyoyev, Səmərqənd qruplaşmasının və xüsusən “İslam Kərimovun sevimlisi” olan və bir çox hallarda rəhbərin varisi kimi qəbul olunan maliyyə naziri Rüstəm Əzimovun intriqalarının qurbanı olmaması üçün özünü heç bir siyasi iddiası olmayan icraçı texnokrat kimi göstərməyə nail olmuşdu.
Əlbəttə ki, burada Şavkat Mirziyoyev hisslərini gizlədə bilmək, dinləmək, bütün qüvvələrlə dil tapmaq və əsl niyyətlərini içində saxlayaraq ətrafa yayındırıcı görüntülər verə bilmək keyfiyyəti və psixoloji xüsusiyyəti ilə rəqiblərinin bir çoxunun diqqətini öz üzərindən uzaqlaşdıra bilmişdi. Əslində, tam məxfi və ya gizli Rüstəm İnayatov – Şavkat Mirziyoyev tandemi yaranmışdı. Məhz bu tandem nəticəsində İslam Kərimovun ölümündən sonra Şavkat Mirziyoyevin geopolitik qarşıdurmasız, ağrısız-acısız hakimiyyətə gəlişi təmin olundu və yeni prezidentin ilk işlərindən biri siyasi hakimiyyətdə oturuşmuş Səmərqənd klanının üzvləri ilə mübarizə oldu.
Nazirlər Kabinetinin bu klan üzündən Özbəkistan siyasi elitasından uzaqlaşdırılmış və ya sürgün edilmiş bir çox məsul işçiləri Şavkat Mirziyoyev tərəfindən yenidən yüksək vəzifələrə təyin edildi və intriqalar ustası Rüstəm Əzimov işindən azad edildi. Bu gün süni şəkildə Şavkat Mirziyoyev və Rüstəm İnayatov qarşıdurması yaratmağa çalışan qüvvələr də mövcuddur. Amma həqiqətdə isə Özbəkistan siyasi hakimiyyətində yeni prezidentin tam bərkiməsi üçün Rüstəm İnayatov ona hələ çox lazımdır. Rüstəm İnayatovun həm nüfuzu, həm də məlumatlılığı və bir çox hallarda isə oyun quruculuğu yaxın illər üçün tələbolunandır.
Son vaxtlar Şavkat Mirziyoyevin ən ciddi addımlarındandan biri isə İslam Kərimov dönəmində münasibətləri çox zəifləmiş Türkiyə ilə əlaqələri yenidən bərpa etməsi oldu. Bu addım Özbəkistan iqtisadiyyatının liberallaşması və inkişafı baxımından çox düşünülmüş bir gediş idi. Ortalama hesablamalara görə, bu yaxınlaşma yaxın 5 il üçün Özbəkistan iqtisadiyyatına turizm, hərbi-sənaye, energetika, kənd təsərrüfatı, tekstil və digər sahələr baxımından 17 milyard dollar dəyərində vəsaitin axınını təmin edəcəkdir. Ən əsası isə nəzərdə tutulan tarixi və strateji məqsədlərdən biri də Buxara və Səmərqəndin donor investisiyası hesabına Türk və islam dünyasının mərkəzinə çevrilməsi planıdır.
Burada həm Burxani, həm də Maturidi institutları təsis ediləcəkdir. Artıq türk dünyasının, islam aləminin bu mərkəzlərə və ziyarətgahlara turist səfərlərini təşkil etmək üçün dünyanın ən böyük təyyarə şirkətlərindən biri olan Türk Hava Yolları və turoperatırları öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Yaxın onilliklər üçün Özbəkistan öz məhsuldar və bərəkətli torpaqları ilə bərabər, böyük bir turizm ölkəsinə çevrilmək imkanını qazanmışdır. Beləliklə, Buxara yaxın gələcək üçün Türk dünyasının məkkəsinə çevriləcəkdir. Çox keçməz ki, Şavkat Mirziyoyevin uzaqgörənliyi və formalaşmış streotipləri qıra bilmək keyfiyyəti ona bütün Türk dünyasını qucaqlaya biləcək imkanlar verəcəkdir.
Adıgözəl Məmmədov
Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri
Visiontv.az