ABŞ - İsrail İranda xalq etirazlarını formalaşdıra bilmədi
09.03.2026

ABŞ - İsrail tandeminin İranda xalq etirazlarını alovlandırmaq planı baş tutmadı. Ötən gün İsrailin baş naziri Benjamin Netanyahu İran xalqına yenidən müraciət etdi. Lakin İsrailin mülki obyektləri vurması İran cəmiyyətində İsrailə qarşı qəzəbi artırır. Buna görə də xalqın İsrail və ABŞ təhriki ilə kütləvi şəkildə meydanlara çıxacağı gözlənilmir.

Uzun illər ərzində İran rejimi ABŞ və İsrail haqqında düşmən obrazı formalaşdırıb. Hazırda məhz həmin iki dövlətin İrana qarşı hərbi əməliyyatlar aparması bu təbliğatı daha da gücləndirir. Buna görə də İran cəmiyyəti müharibə şəraitində rejimə qarşı kütləvi şəkildə çıxış etməyə meyilli görünmür.

Əslində ABŞ və İsrail bir neçə ay gözləmə mövqeyində qalsaydılar, iqtisadi və sosial vəziyyətin ağırlaşması fonunda xalqın yenidən etirazlara qalxması ehtimalı daha yüksək ola bilərdi.

İranın kürdlərin sıx yaşadığı Kirmanşah şəhərində əhalinin yeni dini lideri dəstəkləmək üçün meydanlara çıxması diqqət çəkir. Halbuki İsrail kürd qruplarından İrana qarşı hərbi əməliyyatlarda istifadə etməyə çalışırdı.

Beləliklə, ABŞ və İsrailin İran daxilində etiraz dalğası yaratmaq və daxili silahlı qarşıdurma formalaşdırmaq planı reallaşmadı. Bu isə rejimin hakimiyyətdə qalmasına və müharibənin davam etməsinə şərait yaradır.

Növbəti mərhələdə ABŞ və İsrailin İranın iqtisadi infrastrukturunu hədəfə alması ehtimalı artır. İsrailin Qəzza zolağında tətbiq etdiyi taktikanı İranda da təkrarlayaraq mülki obyektlərə, humanitar və iqtisadi infrastruktura zərbələr endirməyə çalışması mümkündür. Bu isə Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarına səbəb ola bilər. Eyni zamanda İranın da İsrail ərazisində oxşar ssenarini tətbiq etməsi istisna deyil. Belə bir vəziyyət İsraildə Benyamin Netanyahu əleyhinə etirazların güclənməsinə gətirib çıxara bilər.

Müharibənin nəticəsi həm ABŞ prezidenti Donald Trump, həm də Netanyahu üçün ciddi siyasi risklər yaradacaq.

Həlak olan İranın ali dini lideri Ali Xameneinin yerinə oğlu Muctaba Xamenei-nin gətirilməsi ABŞ və İsrail üçün psixoloji-siyasi zərbədir.

Halbuki, onun öldüyünü elan etmişdilər.

ABŞ və İsrail əsasən hava zərbələri ilə İranı zəiflətməyə çalışacaq. Quru əməliyyatları isə ABŞ üçün Viyetnam müharibəsi və Əfqanistan (2001–2021) kimi uzunmüddətli və ağır nəticələr doğuran münaqişələrə bənzər vəziyyət yarada bilər.

ABŞ mart ayının sonuna qədər İrana qarşı hərbi zərbələrin intensivliyini artıracaq.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az