Türkiyənin Milli Müdafiə Nazirliyi Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bölgəyə altı ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini açıqlayıb.
Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, bölgədə baş verən son hadisələr və artan təhlükəsizlik riskləri nəzərə alınaraq Şimali Kipr Türk Cümhuriyyətinin müdafiə imkanlarının artırılması üçün mərhələli plan həyata keçirilir. Bu çərçivədə altı ədəd qırıcı təyyarə və hava müdafiə sistemləri bugündən etibarən bölgədə yerləşdirilib. Bildirilib ki, zərurət yaranacağı təqdirdə əlavə tədbirlər də görülə bilər.
Hərbi analitiklər qeyd edirlər ki, bu addım son günlərdə bölgədə artan gərginlik və İranla əlaqəli qüvvələrin fəaliyyətinin genişlənməsi fonunda atılıb.
Son günlər Cənubi Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi bazaya pilotsuz uçuş aparatı ilə hücum edildiyi barədə məlumatlar yayılıb. Məlumatlara görə, hücum İranla əlaqəli qüvvələr tərəfindən həyata keçirilib. Bu hadisə Aralıq dənizinin şərqində təhlükəsizlik narahatlıqlarını daha da artırıb və bölgədə hərbi hazırlığın gücləndirilməsinə səbəb olub.
Ekspertlər hesab edirlər ki, Ankaranın Şimali Kiprdə hərbi mövcudluğunu gücləndirməsi bölgədə təhlükəsizlik balansını qorumaq və İranın təsir imkanlarına qarşı açıq mesaj vermək məqsədi daşıyır.
Yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyəti təhlükəsizlik baxımından Ankaranın himayəsi altındadır və Türkiyə rəsmiləri bölgəyə yönələn hər hansı təhlükəyə qarşı qətiyyətli addımlar atacaqlarını dəfələrlə bəyan ediblər.
visiontv.az