Ömər Çelik Müctəba Xameneidən danışıb: İranda heç bir radikal dəyişiklik olmayacaq
09.03.2026

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İranda yeni Ali Rəhbərin seçilməsinə münasibət bildirib. APA xəbər verir ki, NTV-nin suallarını cavablandıran Çelikin sözlərinə görə, İran dövlətinin iradəsinə hörmətlə yanaşırlar.

O qeyd edib ki, Müctəba Xameneinin hakimiyyətə gəlməsi ilə İran siyasətində radikal dəyişiklik baş verməyəcək: “İran sistemini anlamaq da vacibdir. Dini liderin istəyinə uyğun olaraq radikal siyasət dəyişikliklərinin olacağını iddia etmək İranı kifayət qədər yaxşı tanımamaq anlamına gələ bilər”.

Qeyd edək ki, ötən gün Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.

visiontv.az