FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
13.05.2026

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

FHN-dən  verilən xəbərə görə, tədbirdə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Zaur Kərimov, FHN  Akademiyasının rəisinin birinci müavini polkovnik  Fuad Mehbalıyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi  Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini  Fuad Mehbalıyev görüşün əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik  Zaur Kərimov bildirib ki, sözügedən qurum FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin operativ idarə olunmasını həyata keçirən struktur qurumudur. O, Mərkəzin strukturu, iş prinsipləri, fəaliyyətində istifadə edilən müasir proqram təminatları, GIS (Coğrafi İnformasiya Sistemi), rabitə və monitorinq sistemləri, həmçinin “112” qaynar telefon xəttinin iş prinsipi barədə ətraflı məlumat verib.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

visiontv.az