Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Sammiti Azərbaycan üçün maraqlı görüntülər və məzmunla yadda qaldı. İzah edim niyə. Əvvəllər Avropa Azərbaycana “kiçik Cənubi Qafqaz ölkəsi” kimi baxırdı. İndi Avropa Azərbaycana “orta güc” kimi baxır. Əvvəllər Avropa Bakıya tapşırıq verirdi. İndi Avropa Bakı ilə ünsiyyət qurmağa çalışır. Əvvəllər Avropa Prezident İlham Əliyevi dinləyirdi. İndi Avropa İlham Əliyevlə danışmaq üçün növbəyə durur. Çünki…
Avropanın bu gün ən böyük problemi enerji təhlükəsizliyidir. Rus qazı yoxdur, Yaxın Şərqdə müharibələr dayanmır. ABŞ qazı isə bahadır. Problemin həlli isə Azərbaycandadır. Azərbaycan Avropaya qaz verir. TANAP, TAP vasitəsilə Cənub Qaz Dəhlizi işləyir. Azərbaycan Avropaya neft verir. Azərbaycan Avropaya “yaşıl enerji” vəd edir. Xəzər küləyi, günəş enerjisi, yaşıl hydrogen, hamısı Azərbaycan üzərindən Avropaya gedəcək. Avropa bunu başa düşüb ki, Azərbaycan olmadan qitənin enerji xəritəsi yarımçıq qalır. Ona görə də Dublində Avropa liderləri Prezident İlham Əliyevin yanına gəldilər. Çünki Bakı ilə danışmayan Avropa, qışda donan Avropadır. Azərbaycanın strateji nüfuzu ordadır ki, Azərbaycan təkcə neft ölkəsi deyil, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin açarıdır. O cümlədən əvvəllər deyirdilər ki, Azərbaycan Şərqlə Qərb arasında körpüdür. İndi bu ifadə köhnəlib. Azərbaycan artıq körpü deyil, qovşaqdır. Körpüdən keçirlər, qovşaqda isə qərar verilir. Orta Dəhliz - Çin - Orta Asiya - Xəzər - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa. Bu dəhlizin ürəyi Azərbaycandır. Azərbaycansız Orta Dəhliz yoxdur. Şimal-Cənub Dəhlizi - Rusiya - Azərbaycan - İran - Hindistan. Bu dəhlizin də ürəyi Azərbaycandır. TRIPP - Azərbaycan - Ermənistan - Naxçıvan - Türkiyə. Bu dəhlizin də ürəyi Azərbaycandır. Üç dəhliz, üç qitə, və bir mərkəz olan Bakı. Avropa bunu artıq başa düşüb. Ona görə Dublində Avropa liderləri Bakı ilə bərabər tərəfdaş kimi danışmağa məcbur oldular. Çünki bərabər danışmasan, dəhliz sənin üçün bağlanar. Azərbaycanın geoiqtisadi mövqeyi onu məcburi tərəfdaşa çevirib. Avropa istəsə də, istəməsə də, Bakı ilə danışmalıdır. Çünki Bakı olmadan Avropanın malları Çinə getmir, Çinin malları Avropaya gəlmir. Bu baxımdan Dublində diqqət çəkən mənzərə bu idi ki, Avropa liderləri Prezident İlham Əliyevlə ünsiyyət qurmaq üçün cəhd edirdilər. Çünki İlham Əliyev bu gün Avropada ən təcrübəli, ən proqnozlaşdırıla bilən və sözünün üstündə duran liderlərdən biridir. Avropa liderləri bilir ki, Əliyevlə danışsan, sözünə əməl edəcək. Əliyev “edəcəyəm” desə, edəcək. Əliyev “etməyəcəyəm” desə, etməyəcək. Bu, Avropa üçün nadir keyfiyyətdir. Çünki Avropada çox lider söz verir, sonra sözündən qaçır. Ona görə Dublində Prezident İlham Əliyevə münasibət başqa idi. Ona “kiçik ölkə lideri” kimi yox, “böyük oyunçu” kimi baxırdılar. Ona “mühazirə oxumaq” üçün yox, “məsləhətləşmək” üçün yaxınlaşırdılar. Bu, Azərbaycanın orta güc kimi qəbul olunması deməkdir. Orta güc öz regionunda qayda qoyan, qlobal məsələlərdə səsi eşidilən dövlətdir. Azərbaycan da regionda qayda qoyur. Qarabağ müharibəsini qazandı, sülhü öz şərtləri ilə diktə etdi.
Ermənistanla sülhü Vaşinqtonda, Dublində öz gündəliyi ilə aparır. Qlobal məsələlərdə səsi eşidilir. Avropa Siyasi Birliyində Azərbaycanın sözü dinlənilir. Azərbaycan öz maraqlarına görə siyasət aparır. İqtisadi gücü var. Azərbaycan borc alan ölkə deyil, borc verən ölkədir. Azərbaycan yardım istəyən ölkə deyil, yardım edən ölkədir. Bax, orta güc budur. Və Dublin sammit göstərdi ki, Azərbaycan artıq kənarda dayanan ölkə deyil, masada oturan ölkədir. Və masada sadəcə oturmur, masanın gündəliyini də müəyyən edir. Avropa liderləri İlham Əliyevlə ünsiyyətə can ataraq əslində bunu dedilər ki, biz sənsiz bacarmırıq. Və bu, Azərbaycanın 30 illik müstəqillik tarixində ən böyük uğurlarından biridir. Əvvəllər biz Avropaya yalvarırdıq ki, bizi eşitsin. İndi Avropa bizə yalvarır ki, onunla danışaq.
Şöhrət El-Dəniz
visiontv.az