Rusiyada ənənəvi mənəvi-əxlaqi dəyərlərin gözdən salınmasına görə cərimələrin tətbiqi təklif olunur. Noyabrın 9-da Dövlət Dumasının Cinayət və inzibati qanunvericilik Komitəsi müvafiq qanun layihəsini birinci oxunuşa tövsiyə edib. Bu çərçivədə Rusiya İnzibati Xətalar Məcəlləsinə də yeni maddənin əlavə edilməsi gözlənilir.
AzadlıqRadiosunun rus xidməti yazır ki, sözügedən qanun layihəsi 2025-ci il dekabrın sonunda Dövlət Dumasına təqdim olunub və audiovizual əsərlərə — yəni filmlərə, videolara, mahnılara və bu qəbildən olan digər materiallara, eləcə də onların internet də daxil olmaqla ictimai yayımına şamil edilir. Sənəddə təkcə vətəndaşların deyil, bu cür kontentin yerləşdirildiyi striminq platformalarının və sosial şəbəkə sahiblərinin də məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
Qayda pozuntusuna ilk dəfə yol verən vətəndaşlar üçün 5 min rubldan 10 min rubla (60-121 ABŞ dolları), vəzifəli şəxslər üçün 50 min rubldan 100 min rubla, hüquqi şəxslər üçün isə 500 min rubldan 700 min rubla qədər (6 min-8 min 484 dollar) cərimə müəyyən edilir.
Təkrar pozuntu halında vətəndaşlar 50–150 min rubl, vəzifəli şəxslər 300–400 min rubl, hüquqi şəxslər isə 1–3 milyon rubl məbləğində cərimələnəcəklər.
visiontv.az