Kanada İranın nüvə, neft və bank sektoruna yenidən sanksiya tətbiq edib
12.11.2026

Kanada Xarici İşlər Nazirliyi İranın 11 qurumuna qarşı əvvəllər ləğv edilmiş sanksiyaların yenidən qüvvəyə mindiyini açıqlayıb.

Məlumata görə, sözügedən qurumlar 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində əldə olunan irəliləyişlərdən sonra sanksiya siyahısından çıxarılmışdı.

Sanksiyaların yenidən tətbiq olunduğu qurumlar arasında Nüvə Yanacağının İstehsalı və Təchizatı Şirkəti, Nüvə Reaktoru Yanacağı Şirkəti, “Kala Naft”, “Naftiran Intertrade Company” (NICO), İran Milli Neft Şirkəti (NIOC) və İran Milli Tanker Şirkəti (NITC) yer alır.

Siyahıya, eləcə də “Bank Mellat”, “Bank Melli Iran”, Sənaye və Mədən Bankı, İran İxracın İnkişafı Bankı və İran Sığorta Şirkəti daxildir.

visiontv.az