Ermənistana müftə PUA, bizə isə minnətli dua
Ermənistana müftə PUA, bizə isə minnətli dua
12.10.2023 Elçin Mirzəbəyli Tərəfindən

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyində bəzi müsəlman ölkələri Ermənistana müftə PUA, bizə isə minnətli dua göndərirdilər. Hətta aralarında o taydan bu taya fətva "tullayanı" da olurdu...

İrad bildirində də qəzəbli şəkildə fil-fil-filankəs "Qarabağın müsəlmanların torpağı olduğunu deyib" cavabını verirdilər. Guya o deməsəydi, biz bilmirdik. Digər tərəfdən, fil-fil-filankəs deməliydi ki, "Qarabağ Azərbaycan torpağıdır". Çünki beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycan Respublikasıdır, islam dini deyil. Qarabağ da Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Digər tərəfdən, Azərbaycan çoxkonfessiyalı bir dövlətdir və Qarabağ da dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bu dövlətdə yaşayan bütün Azərbaycan vətəndaşlarının vahid Vətənlərinin ayrılmaz bir parçasıdır.

İndi nə edək? İşğalçı üzərində Zəfər çalmağımız, suveren hüquqlarımızı bərpa etməyimiz üçün bizə PUA göndərənlərə dua edək, yoxsa düşmənə PUA, bizə isə minnətli dua göndərənlərin nişan verdiyi, uzun illər boyu torpaqlarımızın işğalının davam etdirilməsi üçün düşmənlə həmrəy olanlara?

Bəzən qardaş Türkiyədən və digər ölkələrdən olan dostlarımızın bu mövzuda açıqlamalarıma irad tutduqlarının şahidi oluram və təəssüflənirəm. Allah bizə ağıl, məntiq, müstəqil düşünmək, qərar qəbul etmək, ağı qaradan seçmək potensialı verib. İndi kimsə şüurunu boşboğaz və savadsız, insan emosiyalarına təsir etməklə özünə gün qazananların istifadəsinə veribsə, bu onun öz problemidir.

Elçin Mirzəbəyli

visiontv.az