İranın xarici işlər naziri Abbas Əraqçının Azərbaycana son səfərindən sonra İranda media və sosial şəbəkələrdə bu səfəri tənqid edən, onu İranın maraqlarına zidd addım kimi təqdim edən mövqelər ortaya çıxıb.
Xüsusilə "Telegram" platformasında anti-Azərbaycan dairələrin tez-tez istinad etdiyi “Ziya əs-Salehin” saytının baş redaktoru Əraqçının Bakıya səfəri ilə bağlı paylaşımlar edərək rəsmi Tehrana müraciətlə iddialı açıqlamalar verib.
O, yazıb ki, “Bakı rejimi İranla əməkdaşlığı güclü təşəbbüs kimi deyil, Tehranın zəifliyi və çarəsizliyinin göstəricisi kimi qiymətləndirir”.
Müəllifin iddiasına görə, Bakıda İranla münasibətlər Qərbin layihələrini irəli aparmaq üçün bir fürsət kimi dəyərləndirilir və bunun “bariz nümunəsi” kimi NATO-nun geosiyasi məqsədlərinə uyğun həyata keçirildiyi iddia edilən “saxta Zəngəzur dəhlizi planı” göstərilir.
O, bu yanaşmanın möhkəmlənməsinin NATO-nun Cənubi Qafqazda yerləşməsinə yol aça biləcəyini və bunun İranın şimal sərhədlərində təhlükəsizlik balansını dəyişəcəyini iddia edib.
Yazının sonunda müəllif qeyd edib ki, Əraqçının Bakıya səfəri rəsmi olaraq İranın qonşularla konstruktiv əməkdaşlıq siyasəti çərçivəsində həyata keçirilsə də, onun fikrincə, Bakının bu əməkdaşlığa baxışı “təhlükəlidir”.
İddialara əsasən, Bakı İranın “yumşalmaqdan başqa çıxış yolu olmadığını” düşündüyü üçün Qərb və NATO-nun məqsədlərinə xidmət edən Zəngəzur dəhlizi kimi layihələri irəli aparmağa cəhd göstərə bilər.
visiontv.az