Hüquqi biliklərin media vasitəsi ilə təbliği məqsədilə rubrikamız davam edir. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayəti (AR Cinayət Məcəlləsi, maddə 186) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İqtisadi sahədə cinayətlər” bölməsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” fəslinə aiddir.
Cinayət hüquq ədəbiyyatında mülkiyyət əleyhinə olan cinayətlər iki qrupda təsnifləşdirilir:
1. Əmlakın talanması ilə bağlı olan mülkiyyət əleyhinə cinayətlər;
2. Əmlakın talanması ilə bağlı olmayan mülkiyyət əleyhinə cinayətlər.
Bəhs etdiyimiz cinayət əmlakın talanması ilə bağlı olmayan, əmlakı qəsdən məhv etmə və ya zədələmənin əlamətlərini özündə ehtiva edən mülkiyyət əleyhinə cinayətdir.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə, özgənin əmlakını fiziki təsirlə və ya digər üsullarla məhv etməklə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Burada “xeyli miqdar” dedikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində göstərildiyi kimi beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür.
Demək ki, əmlaka vurulan zərərin məbləği beş min manatdan aşağı olduğu təqdirdə əməldə cinayət tərkibi mövcud olmur. Bu halda əməli törətmiş şəxs Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 232-1-ci maddəsi (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda) ilə məsuliyyətə cəlb olunur. Hər iki halda zərərçəkənin dəymiş zərəri mülki qaydada tələb etmək hüququ da isitisna edilmir.
Əmlakı qəsdən məhv etmə dedikdə, əmlakın öz xassələrini tamamilə itirməsi və bərpaolunmaz dərəcədə yararsız vəziyyətə salınması başa düşülür. Əmlakı qəsdən zədələmə isə əmlakın vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini və onun faydasının azalmasını nəzərdə tutur, lakin bu halda əmlakı təmir yolu ilə bərpa etmək mümkün olur. Hər iki halda-həm əmlakın qəsdən məhv edilməsi, həm də zədələnməsi eyni cinayət əməli kimi qiymətləndirilir. Lakin məhkəmə tərəfindən cəza təyin edilərkən əmlakın qəsdən zədələnməsi halı müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalar arasından daha yüngül cəza təyin edilməsi üçün nəzərə alına bilər.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin subyekti 16 yaşına çatmış fiziki, anlaqlı şəxsdir (AR CM 186.1-ci maddəsinə münasibətdə).
Cinayətin subyektiv cəhəti əməlin birbaşa və yaxud dolayı qəsdlə törədilməsidir. Təqsirkar özgənin əmlakını məhv etdiyini dərk edir, bunun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd), yaxud bu nəticələrin baş verməsinə şüurlu surətdə yol verir və ya buna laqeyd münasibət bəsləyir (dolayı qəsd).
Cinayətin obyekti qismində özgəsinin əmlakı, əlavə obyekti qismində isə əmlaka qəsd olunan zaman müqavimət göstərən mülkiyyətçinin (sahibin) həyat və sağlamlığı çıxış edir.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyektiv cəhəti isə başqa şəxsin sahibliyində, istifadəsində, mülkiyyətində olan əmlakın ictimai təhlükəli olaraq istifadəni qeyri mümkün edən və məhdudlaşdıran vəziyyətə salınması ilə bağlı əməllərin (hərəkət və hərəkətsizlik) törədilməsidir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bəhs olunan cinayətin ağırlaşdırıcı hallarda törədilməsinin əlamətlərini müəyyən edən norma da mövcuddur. Belə ki, eyni əməllərin zərəçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, habelə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla və ya ağır nəticələrə səbəb olmaqla törədilməsi fərqləndirilmişdir (AR CM 186.2-ci maddəsi). “Külli miqdar” dedikdə əlli min manatdan çox, lakin iki yüz min manatdan az olmayan məbləğ nəzərdə tutulur. Həmçinin “başqa ümumi təhlükəli üsul”la törədilməsi dedikdə əməlin ətraf mühiti, insanların həyatını və sağlamlığını təhlükəli vəziyyətdə qoymaqla törədilməsi başa düşülür.
Yuxarıda göstərilən əməllərin xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi xüsusilə ağırlaşdırıcı haldır (AR CM 186.3-cü maddəsi). “Xüsusilə külli miqdar”- iki yüz min manatdan artıq olan məbləğdir.
Ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin subyekti 14 yaşına çatmış, anlaqlı fiziki şəxdir.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətini xuliqanlıq niyyəti ilə müşayiət olunan özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi cinayətindən fərqləndirmək lazımdır.
Xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir.
Əvvəla, xuliqanlıq niyyəti ilə müşayiət olunan özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi cinayətində əmlaka vurulan zərərin məbləği müəyyən edilməmişdir. Yəni əmlaka az miqdarda ziyan vurulduqda belə, cinayət məsuliyyəti yaranır.
Bundan başqa xuliqanlıq niyyəti ilə müşayiət olunan özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi cinayətinin motivi xuliqanlıqdır. Yəni əməli törədən şəxsin ilk niyyəti xuliqanlıq-ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olub, başqasının əmlakını qəsdən məhv etmə və ya zədələmə əməli isə xuliqanlıq əməlinin fonunda törədilib. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətində isə təqsirkarın niyyəti özgəsinin əmlakına zərər vurmaq olur. Hətta xuliqanlıq əməli olmadan təkcə xuliqanlıq niyyətinin olması əməlin “xuliqanlıq niyyəti ilə müşayiət olunan özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi” kimi tövsif olunmasına əsas vermir.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin törədilməsi ümumi normadır. Eyni əməlin ağırlaşdırıcı hallarda törədilməsi (xüsusi norma) cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq edilir.
Bünyamin Bünyadzadə
Visiontv.az