Əli Laricaninin ailəsi İrana pivə idxal etmək istəyib
08.05.2026

Avstriyanın "Der Standard" qəzeti yaydığı yeni hesabatda bildirib ki, dünyanın ikinci ən böyük pivə istehsalçısı olan "Heineken" şirkəti bir neçə il əvvəl Əli Laricaninin qohumlarından birinin köməyi ilə İran bazarına daxil olmağa çalışıb.

Məlumata görə, Əli Laricaninin bacısı oğlu Məhəmməd Mühəqiq Damad "Heineken" ilə bir İran şirkəti arasında nəzərdə tutulan ortaq layihədə əsas məsləhətçi rolunu oynayıb və məşhur pivə brendinin İran bazarına girişini təşkil etməli idi. “Der Standard” yazır ki, bu əməkdaşlıq birgə iqtisadi layihə formatında planlaşdırılmışdı.

Avstriya qəzeti hesabatında Laricani ailəsini İran İslam Respublikasının ən nüfuzlu ailələrindən biri kimi təqdim edib və bildirib ki, ailə üzvləri son onilliklər ərzində hakimiyyətin əsas strukturlarında təmsil olunublar. Əli Laricani uzun illər İran parlamentinin sədri olub, qardaşı Sadiq Laricani isə İran məhkəmə hakimiyyətinə rəhbərlik edib.

Hesabatda həmçinin iddia olunur ki, Laricani ailəsinin bəzi üzvləri Qərb ölkələrində peşə fəaliyyəti ilə məşğuldur. Bunlardan biri Əli Laricaninin ABŞ-də həkim kimi çalışan, sonradan İrana qaytarılan qızı, digəri isə Londonda tibbi startap idarə etməyə davam edən digər qızıdır.

Qeyd edək ki, İran İslam Respublikası son 40 il ərzində alkoqollu içkilərin istehsalı, satışı və sərbəst istehlakını qadağan edib və buna görə ağır cəzalar tətbiq edib.

visiontv.az