Tikantəpə Yol və Nəqliyyat İdarəsinin müdiri bildirib ki, qar çovğunu nəticəsində bağlanan Arpaçayı, Cədaqiyə və Ərəbşah Oryad kəndlərinin yolu 20 gündən sonra yol xidmətləri tərəfindən qardan təmizlənərək yenidən açılıb.
Bəhlul Əltafi jurnalistlərə açıqlamasında deyib:
“Ötən ayın sonlarında ardıcıl qar yağışı və çovğun nəticəsində Qərbi Azərbaycan və Şərqi Azərbaycan ostanlarının sərhədində yerləşən kəndlərin ortaq əlaqə yollarından biri olan Ərəbşah Oryan kənd yolu bağlanmışdı.”
O əlavə edib:
“Bu rayonun yol işçiləri kənd yolunun təxminən 2 kilometrlik hissəsini qardan təmizləyiblər. Hazırda Arpaçayı, Cədaqiyə və Ərəbşah Oryan kəndlərinin sakinlərinin Şərqi Azərbaycan ostanındakı Qaraağac istiqamətində təhlükəsiz hərəkəti mümkün olub.”
Qeyd edək ki, Yaxın Şərqin ən böyük qızıl mədənlərindən hesab olunan Zəroşan və Ağdərə qızıl mədənləri Tikantəpədə yerləşir. Bundan əlavə, rayonda 80 daş mədəni fəaliyyət göstərir. Lakin iddialara görə, bu mədənlərin idarəçiliyi İran hakimiyyəti tərəfindən farslara verilib və çıxarılan xammal ölkənin mərkəzi bölgələrinə daşınır. Mədənlərdən əldə olunan vergi və gəlirlərin də əsasən İsfahan, Kirman, Yəzd və Tehran kimi şəhərlərə yönəldiyi bildirilir.
Nəticədə, yerli əhalinin bu sərvətlərdən ciddi fayda görmədiyi, uyğun yol infrastrukturu və yol texnikası kimi ən əsas imkanlardan belə məhrum qaldığı vurğulanır. Tikantəpə rayonunun ölkənin ən kasıb 31 bölgəsindən biri olduğu qeyd edilir.
visiontv.az