Dövlət mərhələli şəkildə qurumların informasiya sistemlərindəki məlumat bazalarını “təmizləyir”, artıq 30 milyon uyğunsuzluq aşkarlanaraq dürüstləşdirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqovun verdiyi məlumata görə, Azərbaycanda dövlət qurumlarında 30 milyondan çox məlumatın dürüstləşdirilməsi təmin edilib. O bildirib ki, hazırda müxtəlif dövlət qurumlarının məlumat bazalarındakı kirlilik və uyğunsuzluqların aradan qaldırılması məqsədilə layihələr icra olunur.
Bu açıqlama, faktiki olaraq, dövlət sistemlərində çoxsaylı vətəndaş məlumatlarının səhv olduğunu ortaya qoyur. Məlumatlardakı uyğunsuzluqlar bir çox hallarda vətəndaşlara birbaşa təsir göstərib. İnsan faktoruna bağlı natamam və qüsurlu icra olunan proseslər vətəndaşlar üçün əlavə çətinliklər yaradıb.
Rəqəmsallaşmanın əsas məqsədlərindən biri məhz dürüstləşmə və şəffaflığın təmin olunmasıdır. Əgər bu mərhələ uğurla tamamlanmazsa, insan faktorundan qaynaqlanan problemlər yenə də vətəndaşların gündəlik həyatına mənfi təsir göstərəcək. Bu səbəbdən də məlumatların dürüstləşdirilməsi prosesi bütün rəqəmsallaşma təşəbbüsləri içərisində prioritet məsələlərdən biri olmalıdır.
İRİA rəsmisinin açıqlamasında qeyd edildiyi kimi, 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası qəbul edilib və 15 müxtəlif layihənin icrası planlaşdırılır. Ancaq hər hansı bir texnoloji inkişafın uğuru üçün təməl məlumatların dəqiqliyi həlledici rol oynayır.
AİKTSA sədri Elvin Abbasov
visiontv.az