Dirçəlişin şərhi…
Dirçəlişin şərhi…
18.11.2023 Əkbər Qoşalı Tərəfindən

17 noyabr Azərbaycan Respublikasında Milli Dirçəliş Günüdür. Qutlu olsun!

Dirçəliş bütün əməli çalışma sahələri üzrə olunca yaxud elə bir dirçəliş olunca ki hər bir əməli çalışma sahəsinə sirayət edir - bax, o olur milli dirçəliş. Ayrıca götürülmüş iqtisadi, sosial, mənəvi, mədəni, texnoloji… dirçəliş də təqdirəlayiqdir, əlbəttə; əlbəttə, keçmiş SSRİ imperiyası dönəmində bir sıra dirçəliş məqamları, hal və hadisələri oldu və ümumittifaq səviyyəli hadisələr respublikamızdan da yan keçmədi; lakin şübhəsiz, o dönəmdə milli dirçəliş antisovet xarakterin ifadəsiydi. Həm milli həm də sovetlərin dirçəlişi ciddi təzad olardı. Milli dirçəliş imperiyadan qurtuluşu gətirməliydi, yoxsa o, öz məqsədinə çatmış sayılmazdı. 

Dövlət müstəqilliyi elan olunduqdan sonra, bütün sahələr üzrə dirçəlişə inanırdıq. Elə bilir, elə inanırdıq ki, hər şey ürəyimizcə olacaq. Görünür, məhz belə bir perspektivi hesabladıqları və qəbul etmədikləri üçün də Ermənistan üzərindən oyunlar oynandı və… olanlar oldu. - 30 il boyunca müstəqilliyimiz yaralı, suverenliyimiz natamam, torpaqlarımız işğal altında qaldı... Rəsmi Moskva azmış kimi, Paris, Tehran, Vaşinqton və b. paytaxtlar da öz bədniyyətliklərindən əl çəkmədi ki çəkmədi. İşə baxın: Milli Dirçəliş Gününün təməl hadisələrinin 35-ci ildönümündə belə, bu adıkeçən paytaxtlarda bizə qarşı oyunlar oynanmağa, hoqqa çıxarmağa hazırlaşırlar. Belə bədəməl hazırlıqlar bəzən hədə, öz ağıllarınca, xəbərdarlıq, riya, ikilistandart və s. kateqoriyalarda cərəyan edir. Gəl gör ki, 2020-ci ilin 27 sentyabr əks-hücumunu başlamaq necə böyük cəsarətdi! Tarixi Zəfərimizi beynəlxalq ictimaiyyətə qəbul etdirmək az qala dövlət müstəqilliyimizi qəbul etdirmək qədər çətin milli görəvdi! Bu il sentyabrın 20-dəki antiterror tədbirləri, ondan öncə - apreldə Həkəri körpüsü üzərində DSX Laçın postunun qurulması şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli qərarların təntənəsidir! 15 oktyabrda Xankəndi, Xocalı və d. yaşayış məntəqələrimizin müqəddəs milli bayrağımızın kölgəsində dinclik tapması möcüzə deyə biləcəyimiz qədər böyük hadisələrdir. Bəli, Prezident İlham Əliyev bacardı! İlham Əliyev mümkünsüzü mümkün etməyə nail oldu! Beləliklə, bu ilki Milli Dirçəlişimiz əsl Milli Dirçəliş bayramı dəyərindədir! 

Əsalətli xalqın bayramı belə olur! Əsalətli dövlət bayrama üfüq və dərinlik qazandırır! 
Əsalətli lider bayrama bayram qatır!

Bəsli bir milli dirçəliş sürəci olmalı olduğundan uzunmu çəkdi ya halımız başqa bir düsturla, formulla izah oluna bilər?.. Belə sualları biz özümüz özümüzə yaratmamışıq. Dəmir Yumruğun kəramətinin doğrulması bir tərəfdən milli dirçəlişin sonucu, digər tərəfdən milli dirçəlişin həqiqi məzmun qazanmasıdır. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfərə götürən, Zəfərin mahiyyətini açıqlayan bütün çıxışları dövlət-xalq birliyini, xalqımızın əsalətini, dövlətimizin ləyaqətini, gənc oğullarımızın qeyrətini, hərbçilərimizin vətəncanlılığını, dövlətçi təfəkkürünü önplana çıxarır. İlham Əliyev məhz öz xalqına, öz gənc nəsillərinə və haqq işinə istinad edir. İlham Əliyev Ümummilli liderdən əxz etdiklərini məhz “Heydər Əliyev İli”ndə məntiqi sonluğa çatdırdı. Burada bir hikmət, ilahi məntiq vardır hər halda. Bəli, deyildiyi kimi, kainatın öz ruhu vardır. Yaşadığımız böyük və qürurverici hadisələr qətiyyən və birmənalı olaraq təsadüf, tendensiya əsəri deyil. Prezident Əliyev macəraçı, tendensiyaçı və təsadüflər peşində olan bir çox liderdən fərqli və üstün siyasəti, qətiyyəti hesabına xarüqələr yaradır. Bəlkə təkrarçılıq olacaq, yenə vurğu edək: 
uzun illər Ermənistan Rusiyanın forpostu, Gürcüstan Qafqazın ən Qərbyönümlü dövləti kimi xarakterizə olunurdu; və bəzi dairələr onlarla müqayisədə Azərbaycanı tənqid eylemi içinə girirdi. Amma ancaq və lakin! Azərbaycan öz yolunda - düz yolundaydı. İndi Ermənistanla Gürcüstan yerdəyişmə edib sanki… Etsinlər, neynək, özləri bilər... Azərbaycansa qibtə ünvanıdır! Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər, Gürcüstan, Moldova, Ukrayna… üçün arzudur! Arzuları çin olsun! Azərbaycan örnəklər yaradıb. Necə deyərlər, ölkəmizin sağ əli dost ölkələrin (GUAM üzvlərinin) başına!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı 

Visiontv.az