20 dollarlıq əskinası neçəyə satmaq olar?
02.11.2026

Adi bir 20 dollarlıq əskinası dəyərindən on dəfə baha satmaq mümkündürmü? Nə nadir puldur, nə tarixi yadigar, nə də üzərində məşhur birinin imzası var. Cibimizdən çıxardığımız adi əskinasdır.

Mümkün imiş. Maks Bazerman və Marqaret Nil “Negotiating Rationally” kitabında keçirdikləri hərraclardan birində 20 dollarlıq əskinas üçün 204 dollar təklif edildiyini yazırlar. İkinci iştirakçının son təklifi isə 203 dollar olmuşdu.

Hərracın xüsusi şərti vardı: ən yüksək qiyməti deyən pulunu ödəyib əskinası götürürdü. İkinci yerdə qalan da dediyi məbləği ödəməli idi, amma heç nə almırdı.

Əvvəl hər şey sərfəli görünürdü: kim istəməz ki, 20 dolları 5–10 dollara alsın? Lakin qiymət yüksəldikcə iştirakçılar tələyə düşürdülər. Geri çəkilmək artıq pul itirmək demək idi. Hər biri düşünə bilərdi: “Bir dollar da artırım, bəlkə o dayandı.”

Beləcə, başlanğıcdakı qazanc hesabına uduzmaq qorxusu və rəqibi üstələmək istəyi qarışırdı. Hərracın sonunda qalib 204 dollar ödəyib 20 dollar aldı — 184 dollar ziyana düşdü. Digəri isə heç nə almadan 203 dollar itirdi.

Bu hadisə insanın hər zaman belə davranacağını göstərmir. Amma təbiətimizdəki bir zəifliyi üzə çıxarır: bəzən başladığımız mübarizədən geri çəkilməyi o qədər ağır qəbul edirik ki, davam etməyin daha baha başa gəldiyini nəzərdən qaçırırıq.

Bəzən qalib gəlmək istəyimiz o qədər güclənir ki, qalibiyyətin bizə neçəyə başa gəldiyini hesablamağı unuduruq…

Elbəyi Həsənli

visiontv.az