Çingiz Abdullayevin ləhcəsini tənqid edənlər Azərbaycanı neçə insana tanıda biliblər
Çingiz Abdullayevin ləhcəsini tənqid edənlər Azərbaycanı neçə insana tanıda biliblər
02.09.2023 Hikmət Babaoğlu Tərəfindən

Çingiz Abdullayevi anlamaq yaxud ictimai vicdan dəllallarının dəyərlərimizi dəyərsizləşdirmək cəhdləri.

Çingiz Abdullayev Azərbaycan xalqının yetişdirdiyi nadir istedadlardan biri, detektiv ustası, nasir, publisist,  xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktorudur. 27 milyon nüsxədə olan 600-dən çox kitabı  32 dilə tərcümə edilərək az qala bütün dünyada yayılmışdır. Yəni Çingiz Abdullayev doğma vətənimizi ən az 27 milyon insana tanıtmağı bacarmışdır. Özü də istedadlı xalq kimi, Çingiz Abdullayevlər yetişdirə bilmək qüdrətinə sahib olan intellektual bir xalq kimi! Görəsən onun ləhcəsini tənqid edənlər Azərbaycanı neçə insana tanıda biliblər.

Sosiologiya izah edir ki, şəxsiyyət ilk növbədə genetik kodların sonra isə ərtaf mühitin övladıdır. Ötən əsrin ortalarında Azərbaycanda rusdilli mühitin olması Çingiz Abdullayevin günahı deyildi. Xalqımızın faciəsi idi. Çünki müstəqil deyildik. Çingiz Abdullayev isə sübut etməyi bacardı ki, istənilən mühitdə Azərbaycan xalqı öz  istedadını realizə etmək qabiliyyətinə malikdir.12-ci əsrdə Nizami Gəncəvi fars dilli  sosial-intellektual mühitin yetirməsi kimi  əsərlərini farsca yazırdı. Onda gəlin Nizamidən də imtina edək ...

16-cı əsrdə Məhəmməd Füzulinin  əsərlərinin dili feillər istisna olmaqla yenə də fars dili idi. Füzulidəndəmi imtina edək? Türk dilində yazmadıqları üçün Fərabidən, Xəqanidən, Bəhmənyardan, Tusidən də imtina etsək görəsən necə olar ....?! 
Demək məsələ Çingiz Abdullayev məslələsi deyil. Məsələ bir millətin dəyərlərini gözdən salıb onu dəyərsizləşdirməkdir.
Kollektiv vicdan deyilən bir anlayış var biz ona bəzən ictimai vicdan da deyirik. Bir fərd öz vicdanını bazara çıxarıb dəllalıq edirsə bu bəlkə də fərdi hadisə olmaqla onun öz işidir. Ancaq  söhbət kütləvi ictimai müstəviyə keçəndə kollektiv vicdanı qorumaq hamımızın vəzifəsinə çevrilir. Gəlin ictimai vicdanımızı qoruyaq ki, dəyərlərimizi qoruya bilək.

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az