Wall Street Journal tərəfindən aparılmış və 100-dən çox peyk görüntüsünə əsaslanan təhlilə görə, Çin Tibet yaylasında yüksək dağlıq hərbi infrastrukturunu sürətlə genişləndirir.
Pekin azı 16 aerodrom və helikopter meydançası tikib və ya modernləşdirib. Onların bir çoxu 14 min futdan (təxminən 4300 metr) yuxarı yüksəklikdə yerləşir. Buradakı uçuş zolaqlarının uzunluğu 14 850 futa çatır, 70-dən çox təyyarə üçün möhkəmləndirilmiş sığınacaq isə hələ də tikinti mərhələsindədir.
Bu “çoxfunksiyalı” hava bazalarında qırıcı təyyarələr, ağır nəqliyyat təyyarələri və bir neçə növ pilotsuz uçuş aparatı yerləşdirilir – o cümlədən “Sharp Sword”, “Soaring Dragon”, “CH-4” və “CH-5” dronları.
Layihə Çinə qoşun və texnikanı Hindistanla mübahisəli sərhəd boyunca daha sürətlə yerləşdirmək, həmçinin bölgədə və Hindistanın hərbi obyektləri üzərində daimi kəşfiyyat nəzarəti saxlamaq imkanı verir.
Pilotlar burada ekstremal yüksəkliklə bağlı çətinliklərlə – xəstəlik, oksigen çatışmazlığı və güclü küləklərlə üzləşirlər. Buna baxmayaraq, Çin “Yayla qartalları” adlanan xüsusi təlim proqramlarına böyük vəsait yatırır və getdikcə daha çox pilotsuz sistemlərdən asılı qalır.
visiontv.az