İran təbliğat maşınının növbəti nağıl budur ki, guya İranın Ali Rəhbəri Müctəba Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb. Və Hörmüz boğazını, milli təhlükəsizliyi, "nə müharibə, nə sülh" vəziyyətini müzakirə ediblər.
Mətni oxuyanda hər şey aydın olur ki, bu, görüş hesabatı deyil, SEPAH-ın yazdığı növbəti ssenaridir. Bu mətnin həqiqiliyini müəyyən etmək üçün bəzi sullara cavab vermək lazımdır. Birinci sual budur ki, Müctəba Xamenei kimdir və haradadır? Diqqət edin, artıq "Ayətullah Əli Xamenei" demirlər, "Müctəba Xamenei" deyirlər. Yəni atadan oğula keçid artıq rəsmi təbliğatda başlayıb. Amma hamı bilir ki, Müctəba Xamenei aylardır ortada yoxdur. Nə canlı görüntüsü var, nə səsi var, nə də heç kim onunla normal şəraitdə görüşə bilib. Sağ olub-olmadığı belə sual altındadır. Tehran küçələrində, hətta SEPAH-ın öz daxilində "artıq ölüb" söz-söhbəti belə gəzir. Belə olan halda birdən-birə "Hörmüz boğazını müzakirə etdi" xəbəri hardan çıxdı? Çünki rejimə hələlik sağ lider lazımdır. Hətta kağız üzərində olsa belə. İkincisi. Pezeşkian Müctəba ilə görüş komediyası yəqin yadınızdadır. Bir neçə ay əvvəl eyni ssenarini Pezeşkian üzərində sınadılar. Guya Pezeşkian Xamenei ilə görüşüb. Prezidentin özü bu görüşü izah edə bilmədi və özünü rüsvay vəziyyətə saldı. Bir dəfə dedi ki maşında görüşdük, arxada oturmuşdu, üzünü görmədim. İkinci dəfə dedi məni hansısa bunkerdə apardılar, orda görüşdüm. Hətta sonra görüş barədə təkzib belə verildi. Təsəvvür edin ölkənin seçilmiş prezidenti olan Pezeşkian öz Ali Rəhbəri ilə necə görüşdüyünü izah edə bilmir. Gah maşın, gah bunker, gah gözübağlı. Bu nə deməkdir? Bu o deməkdir ki, görüş olmayıb. Sadəcə Pezeşkiana deyiblər ki, de ki, görüşdüm. O da nə deyəcəyini bilməyib, ona görə uğursuz nağıl uydurub. İndi eyni nağılı Möhsün Rzayi ilə təkrarlayırlar. Bəs SEPAH niyə bu yalanı yayır? Təhlil etsək bunun üç səbəbi var. Bir. Hakimiyyət boşluğunu gizlətmək üçün. İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlindədir. Ali Rəhbər institutu ya ölüb, ya da iflic vəziyyətdədir. Amma SEPAH bunu etiraf edə bilməz. Çünki bütün legitimliyi "Rəhbərə itaət" üzərində qurulub. Rəhbər yoxdursa, SEPAH sadəcə hərbi xuntadır. Ona görə hər həftə bir saxta görüş xəbəri uydurmalıdır ki, camaat elə bilsin ki, yuxarıda kimsə var. İki. Vəliəhdlik layihəsini. Atanın öldüyü halda hakimiyyəti oğul Müctəbaya verildi. Amma Müctəbanın xalq arasında heç bir bazası yoxdur. Ruhanilər belə onu qəbul etmir. Ona görə onu süni şəkildə "strateji qərarlar verən lider" kimi təqdim edirlər. Hörmüz boğazı, milli təhlükəsizlik və sair böyük sözlər deyirlər ki, camaat öyrəşsin. Üç. Daxili panikanı yatırmaq. İran "nə müharibə, nə sülh" vəziyyətində boğulur. ABŞ, İsrail təhdidi, iqtisadi çöküş, xalq etirazları. Hətta SEPAH daxilində belə parçalanma var. Belə bir vəziyyətdə "Rəhbər vəziyyətə nəzarət edir, Şura toplandı, yol xəritəsi hazırlanır" demək lazımdır. Yoxsa sistem bir anda çökər. Hörmüz boğazı ilə bağlı cümlə də təsadüfi deyil. Dünyaya mesajdır ki, hələ də boğazı bağlaya bilərik, hələ də güclüyük. Əslində isə gücləri yalnız yalan xəbər yaymağa çatır. Nəticə olaraq deyim ki, İran rejimi artıq klassik diktaturadan "kölgə teatrı"na keçib. Səhnədə heç kim yoxdur, amma pərdə arxasından səs gəlir: "Rəhbər belə dedi, Rəhbər elə dedi." Hətta Pezeşkian kimi sözəbaxımlı prezidentlər belə həmən kölgəni görmədiklərini etiraf edir. Möhsün Rzayi ilə görüş xəbəri də həmin teatrın yeni pərdəsidir. Məqsəd İran xalqını yox, SEPAH-ın özünü inandırmaqdır ki, hələ də rəhbərləri var. Amma artıq hamı başa düşür ki, bunkerdə heç kim yoxdur. Gözübağlı aparılan təkcə Pezeşkian deyil, 90 milyonluq xalqdır.
Şöhrət El-Dəniz
visiontv.az