Azərbaycanda tikili ərazilər 25 ildə 55% artıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib. Qeyd edilib ki, Azərbaycanda tikili (urbanized) ərazilərin sahəsi 2000–2025-ci illər arasında 590,1 kvadratkilometrdən 914,1 kvadratkilometrə yüksəlib. Hesabata görə, son 25 ildə tikili ərazilərin ümumi artımı 324 kvadratkilometr təşkil edib.
Məlumata əsasən, şəhərlər üzrə tikili sahə də eyni dövrdə artaraq 2000-ci ildəki 113,2 kvadratkilometrdən 2025-ci ildə 211,6 kvadratkilometrə çatıb. Bu isə şəhər məkanlarının fiziki ölçü baxımından demək olar ki, iki dəfəyə yaxın böyüdüyünü göstərir.
Hesabatda bildirilir ki, adambaşına düşən tikili sahə ümumilikdə 25 il ərzində 72 kvadratmetrdən 88 kvadratmetrə yüksəlib, şəhərlərdə isə bu göstərici 41 kvadratmetrdən 50 kvadratmetrə çatıb.
BMT-nin qiymətləndirməsinə görə, bu göstəricilər urban genişlənmənin yalnız əhali artımı ilə deyil, eyni zamanda şəhərlərin ərazi baxımından böyüməsi ilə də müşayiət olunduğunu təsdiqləyir.