Müstəqillik necə qorunacaq?
Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihələrində bələdiyyələrin vahid informasiya sisteminə qoşulması təklif olunur. Halbuki, Azərbaycan Konstitusiyasına və “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən, bələdiyyələr yerli özünüidarəetməni həyata keçirən, dövlət orqanlarına tabe olmayan qurumlardır.
Bu baxımdan haqlı sual yaranır: Əgər bələdiyyələr müstəqildirsə, niyə onların fəaliyyəti vahid – yəni mərkəzləşdirilmiş – informasiya sistemi üzərindən icra olunmalıdır?
Əgər bu sistem şəffaflıq və hesabatlılıq məqsədi ilə tətbiq olunursa, bu, alqışlanmalıdır. Ancaq sistem nəzarət və mərkəzdən idarəetmə vasitəsinə çevrilərsə, bu artıq yerli özünüidarəetmə prinsiplərinə zidd ola bilər. Qanunvericiliyin ruhuna uyğun tənzimləmə və balansın qorunması burada əsas məsələdir.
Bu qanun dəyişiklikləri uzun müddətdir gözlənilən texniki problemi də həll etdi: İndiyə qədər bələdiyyələr vətəndaşlar haqqında məlumat almaq üçün hər sorğuya görə ödəniş etməli olurdular. Çünki dövlət informasiya sistemlərinə çıxış üçün hüquqi əsasları yox idi. Bu isə illərlə davam edən qanunsuz praktikanın nəticəsi idi.
Lakin bu müsbət texniki addımın içində yer alan “vahid informasiya sistemi” anlayışı haqlı narahatlıq doğurur. Əgər bələdiyyə yerli özünüidarəetmə subyektidirsə, necə olur ki, vahid – yəni mərkəzləşdirilmiş – sistemə inteqrasiya olunur?
Bu yanaşma həm Azərbaycan Konstitusiyasına, həm də bələdiyyələrin statusuna dair beynəlxalq prinsiplərə uyğun gəlməyə bilər. Şəffaflıq və hüquqi çıxış imkanları artırılmalıdır, amma bu, bələdiyyələrin mahiyyətini zəiflətmək hesabına olmamalıdır.
Bu qanun layihəsi barədə ictimaiyyətə geniş və ətraflı məlumat verilməyib. Mənim də bir çox sual açıq qalır:
Yerli özünüidarəetmədə vahid informasiya sistemi nə anlama gəlir?
Bu sistemin sahibi (operatoru) kim olacaq? Ümumiyyətlə, vahid bir sistemin və onun “sahibi”nin olması nə dərəcədə düzgündür?
Əslində, məqsədəuyğun olan hər bir bələdiyyənin müstəqil informasiya sistemi yaradaraq ‘digital bridge’ vasitəsilə qoşulmasının təmin edilməsidir.
AİKTSA sədri Elvin Abbasov
Visiontv.az