Azərbaycan Türkiyə ilə İsrail arasında mümkün hərbi münaqişənin qarşısının alınmasında əsas rol oynaya bilər. Çünki Bakı həm Ankarada, həm də Təl-Əvivdə eyni dərəcədə etimad göstərilən nadir paytaxtlardan biri olaraq qalır.
Amerikanın Newsweek nəşri yazır ki, Azərbaycan diplomatiyası İsraillə Suriyanın yeni hökuməti arasında təmaslara da dəstək verir və Təl-Əvivlə müsəlman dünyası arasında səssiz, lakin təsirli körpü funksiyasını yerinə yetirməyə davam edir.
Jurnal xatırladır ki, Bakı regionda deeskalasiya sahəsində artıq uğurlu təcrübəyə malikdir. 2022-ci ildə Türkiyə-İsrail barışığında məhz Azərbaycan pərdəarxası mühüm rol oynayıb.
Daha sonra Suriya səmasında Türkiyə və İsrail hərbçiləri arasında toqquşma təhlükəsi yarananda Bakı danışıqlar təşkil edib. Bu danışıqlar iki dövlətin silahlı qüvvələri arasında işçi rabitə kanalının yaradılmasına imkan verib.
Vaşinqtonun ciddi səyləri bu proseslərin rəsmiləşdirilməsinə kömək edə bilərdi. ABŞ-ın Azərbaycan himayəsi altında danışıqları dəstəkləməsi Suriya üzrə “qaynar xətt”i hava əməliyyatlarını, quru qüvvələrinin yerləşdirilməsini və insidentlərin qarşısını almaq üçün kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edən daimi mexanizmə çevirə bilərdi.
Bununla yanaşı, ABŞ-ın Bakının özü ilə bağlı keçmiş mübahisəli məsələləri bağlaması vacibdir. Azərbaycana Amerika yardımını məhdudlaşdıran 1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsi çoxdan keçmişin qalığına çevrilib. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin avqustunda bu məhdudiyyətin tətbiqindən imtina edib.
Hazırda Nümayəndələr Palatasında müzakirə olunan bu düzəlişin tam ləğvi Azərbaycanın ABŞ üçün etibarlı diplomatik tərəfdaş kimi mövqelərini gücləndirərdi.
Ankaranın sərt anti-İsrail ritorikası fonunda Bakının vasitəçiliyinə ehtiyac daha da artır. Xüsusilə Türkiyə xarici işlər naziri Hakan Fidan, buna ehtiyac yaranacağı təqdirdə, qarşıdurmaya hazır olduqlarını açıq şəkildə bəyan edib.
Newsweek yaranmış vəziyyətdə ABŞ-ın Türkiyəyə təsiri ilə Azərbaycanın vasitəçilik səylərinin birləşdirilməsini Vaşinqtonun iki regional tərəfdaşı arasında birbaşa toqquşmanın qarşısını almaq üçün ən real yol adlandırır.
Elçin Alıoğlu
visiontv.az