Avropa İttifaqının yeni qanununa Çindən sərt etiraz
28.04.2026

"Avropa İttifaqının sənayenin inkişafını sürətləndirən qanunu sərmayə qoyuluşuna böyük əngəllər törədir və institusional diskriminasiya xarakteri daşıyır".

 Bu barədə Çin Ticarət Nazirliyinin açıqlamasında bildirib.

Çin tərəfi bu qanunvericilik gedişatını diqqətdə saxlayacağını və Brüssellə danışıqlara açıq olduğunu bəyan edib. Bununla belə, hökumət düşünür ki, yeni qaydalar əcnəbi sərmayəçilərin hüquqlarını məhdudlaşdıra, Aİ-nin yaşıl enerjiyə keçidini yubada və Avropa bazarındakı ədalətli rəqabət mühitini korlaya bilər.

"Əgər Pekinin fikirləri qulaqardına vurularsa, dövlət müvafiq əks-addımlar atmağa məcbur qalacaq", - deyə məlumatda qeyd edilib.

Düzdür, hələlik bu tədbirlərin nədən ibarət olacağı dəqiq açıqlanmayıb.

Qeyd edək ki, mart ayında  Avropa İttifaqı "Avropada istehsal olunub" adlı yeni qanun layihəsini irəli sürüb. Bu sənəd maşınqayırma, ekoloji texnologiyalar və metallurgiya kimi mühüm sahələrdə dövlət dəstəyi almaq istəyən şirkətlər qarşısında Aİ istehsalı olan hissələrdən istifadə şərtini qoyur. "Sənayenin sürətləndirilməsi" Qanunu adlanan bu layihə ucuz idxal məhsulları ilə rəqabət mühitində Avropanın sənaye potensialını qorumaq məqsədi daşıyır.

Xatırladaq ki, Çin daha öncə  Aİ-nin sanksiyalar siyahısına salındıqdan sonra da öz milli şirkətlərinin müdafiəsi üçün lazımi tədbirlər görəcəyini bəyan etmişdi.

visiontv.az