Aşağı büdcəli aviaşirkətlər Yaxın Şərq münaqişəsi fonunda kerosinin qiymətinin artmasından böyük daşıyıcılara nisbətən daha çox əziyyət çəkirlər. Bu vəziyyət artıq uçuşların ixtisarına və aviabiletlərin bahalaşması təhlükəsinə gətirib çıxarır.
Visiontv.az BFM-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Den Yorgensen bildirib. O, qeyd edib ki, baş verənlərə görə bir çox insanın məzuniyyət planları təhlükə altına düşə bilər.
Problemdən ən çox təsirlənən daşıyıcılar arasında "Ryanair", "Transavia" və "Volotea" yer alır. Bu şirkətlərin bəziləri yaz-yay mövsümü üçün müəyyən reyslərin ləğv olunduğunu artıq bəyan edib, digərləri isə qiymət artımının qaçılmaz olduğunu vurğulayır.
"Ryanair" şirkətinin rəhbəri Maykl O'Liri uçuş proqramının ixtisar ediləcəyini açıqlayıb. Bu yay Dublindən həyata keçirilən reyslər 10%, oktyabr ayından etibarən Berlindən olan uçuşlar isə yarıya qədər azaldılacaq. Onun sözlərinə görə, xərclərin artması və yaranmış qeyri-müəyyənlik tələbatın qarşısını alır.
Analitiklərin fikrincə, aşağı gəlirlilik səbəbindən loukosterlər yanacağın bahalaşmasına qarşı daha həssasdırlar. Mövcud qiymətlər dəyişməz qalarsa, onların gələcəkdə də xərcləri və marşrutları ixtisar etməsi qaçılmaz olacaq.
Digər daşıyıcılar da artıq ixtisarlarla bağlı qərarlarını elan ediblər. Xüsusilə, "Air Transat" may ayından oktyabradək olan dövrdə uçuş proqramını 6% azaldıb, "AirAsia X" isə bir neçə istiqaməti və reysi tamamilə ləğv edib.
Bununla yanaşı, "Wizz Air" şirkətinin rəhbəri Yojef Varadi hələlik fəaliyyət həcmini kiçiltməyi planlaşdırmadıqlarını və rəqiblərin atacağı addımlara əsasən hərəkət edəcəklərini bildirib.
İri aviasiya qrupları da öz cədvəllərinə yenidən baxırlar. Belə ki, "Lufthansa" oktyabrın sonunadək 20 min uçuşu ləğv etdiyini, "Air France-KLM" isə törəmə şirkəti olan "Transavia"nın reyslərinin qismən ixtisar olunduğunu açıqlayıb.
Sektor ekspertlərinin hesablamalarına görə, Fars körfəzi ölkələrindən yanacaq tədarükündə yaranan problemlər fonunda xüsusilə yay mövsümündə ən az gəlir gətirən marşrutlar ilk növbədə ixtisara düşür. Bütün bu amillər gələcəkdə biletlərin bahalaşması və uçuş imkanlarının məhdudlaşması ilə nəticələnə bilər.
visiontv.az