NATO Hərbi Komitəsinin iclasında Ukraynaya dəstək məsələsi müzakirə olunacaq
28.04.2026

NATO-nun ali hərbi orqanı - Hərbi Komitə mayın 19-da müdafiə qərargahları rəisləri səviyyəsində iclas keçirəcək.

Bu barədə  Visiontv.az  NATO-nun məlumatına istinadən xəbər verir.

NATO-dan vurğulanıb ki, iclasa 32 müttəfiq nümayəndəsinin, eləcə də  Alyansın  Avropadakı  Birləşmiş  Silahlı  Qüvvələrinin  Ali  Baş Komandanı general  Aleksus Q.Qrinkeviçin və Transformasiya üzrə  Ali Baş Komandan admiral Pyer Vandyenin iştirakı ilə Hərbi Komitənin sədri admiral Cuzeppe Kavo Draqone sədrlik edəcək.

Hərbi Komitənin birinci sessiyası zamanı Qrinkeviç NATO-nun çəkindirmə və müdafiəsinin gücləndirilməsi üzrə gələcək addımlarına dair məruzə təqdim edəcək.

Müttəfiq ölkələrin müdafiə qərargahları rəisləri həmçinin NATO-nun rəhbərliyi altında həyata keçirilən cari missiyaların, tədbirlərin və əməliyyatların vəziyyətini müzakirə edəcəklər.

Müzakirələrə NATO-nun Baş katibi  Mark Rütte də qoşulacaq.

"İkinci sessiyada Pyer Vandye NATO-nun müdafiə planlaşdırılması prosesini necə transformasiya etdiyinə dair yenilənmiş icmalı təqdim edəcək: söhbət müharibənin dəyişən xarakteri nəzərə alınmaqla yeni texnologiyaların, innovasiyaların və döyüş təcrübəsinin daha dərindən inteqrasiyasından, hərbi imkanların inkişafının sürətləndirilməsindən və müttəfiqlərin hədəf göstəricilərə daha tez çatmasına dəstəkdən gedir. Üçüncü sessiya NATO–Ukrayna Şurası formatında keçiriləcək", - məlumatda deyilir.

Gündəlikdə həmçinin NATO və  Aİ tərəfindən Ukraynaya gələcək dəstək məsələsi də var.

visiontv.az