Aİ Rusiyanı nüvə təhdidlərini dayandırmağa çağırıb
07.11.2025

Avropa İttifaqı (Aİ) Rusiyanı nüvə təhdidlərinə son qoymağa, bütün tərəfləri yeni silahlanma yarışına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

"Aİ Rusiyanı nüvə təhdidlərindən çəkinməyə və bütün tərəfləri yeni silahlanma yarışını qızışdıra biləcək hərəkətlərdən uzaq durmağa çağırır", – qurumun sözçüsü deyib.

Rusiya prezidenti Vladimir Putin bir gün öncə rəsmilərə mümkün nüvə sınağı ilə bağlı planlar hazırlamaq tapşırığı verib. Bu, 1991-ci ildən bəri Rusiyanın ilk belə sınağı ola bilər.

ABŞ nüvə başlığı daşıya bilən raketi sınaqdan keçirib

ABŞ döyüş başlığı olmayan "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib. Məlumatı ABŞ Kosmik Qüvvələrinin komandanlığı yayıb.

Raket Hərbi Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı Vandenberq bazasından buraxılıb, Marşal adalarındakı raketdən müdafiə sınaq poliqonuna qədər 6 min 700 kilometrdən çox məsafə qət edib.

Rusiya prezidenti Vladimir Putin isə buna cavabında müvafiq strukturlara ABŞ-nin nüvə sınaqları ilə bağlı planları barədə məlumat toplamağı tapşırıb. Xarici İşlər, Müdafiə nazirliklərinə, xüsusi xidmət orqanlarına və mülki strukturlara mümkün nüvə silahı sınaqlarına hazırlığın başlanması ilə bağlı razılaşdırılmış təkliflər təqdim etmək tapşırılıb.

Daha öncə Rusiya Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Andrey Belousov tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlığa başlanmasının məqsədəuyğun olduğunu deyib. Xəbəri "RİA Novosti" yayıb.

Oktyabrın sonunda prezident Donald Tramp ABŞ-nin dərhal nüvə silahı sınaqlarına başlayacağını bildirib, səbəbini digər ölkələrin bunu etməsi ilə izah edib. Tramp bu qərarı Uzaq Şərqə səfəri zamanı, Çin lideri Si Cinpinlə görüşdən sonra verib. Bu açıqlamadan öncə isə Putin Rusiyanın nüvə obyektlərində silah sınaqları barədə bir neçə dəfə danışıb.

Oktyabrın 21-də Rusiya "Burevestnik" adlı nüvə enerjisi ilə işləyən qanadlı raketin uğurlu sınaqdan keçirildiyini bildirib. Raketin 14 min kilometr məsafə qət etdiyi, 15 saat havada qaldığı açıqlanıb. Oktyabrın 29-da isə Putin Rusiyanın nüvə enerjisi ilə işləyən "Poseydon" pilotsuz sualtı aparatını sınaqdan keçirdiyini deyib. Onun sözlərinə görə, "Poseydon" Rusiyanın ən güclü qitələrarası raketi sayılan "Sarmat"dan qat-qat güclüdür, onu tutmaq mümkün deyil.

visiontv.az