2020-ci ilin əvvəllərində COVİD-19 ilə bağlı səhvləri təkrar etməyək - Elman Sadıqov
2020-ci ilin əvvəllərində COVİD-19 ilə bağlı səhvləri təkrar etməyək - Elman Sadıqov
05.07.2021 Elman Sadıqov Tərəfindən

İsraildə aparılan araşdırmalar Pfizer Biontech peyvəndinin Delta variantına qarşı təsirinin 70% olduğunu göstərdi. Pfizer Biontech peyvəndinin koronavirusun digər variantlarına qarşı təsiri 95%-dir.

Avropa Mərkəzi Bankının Sədri də daxil olmaqla bir sıra dövlətlər Delta variantının iqtisadi dirçəliş üçün ciddi qeyri-müəyyənlik riski daşıdığını bəyan edirlər. Bütün məhdudiyyətləri aradan qaldırmış İsrail Delta variantı səbəbindən bir sıra məhdudiyyətləri yenidən tətbiq etməyə başlayır. Öncəki (Uhan variantı) koronavirusu demək olar ki, məğlub etmək mərhələsində olan dünya yeni Delta variantı ilə üz-üzədir. Səbəbin nə olmasından asılı olmayaraq acı reallıq budur. Bu acı reallığa qarşı tədbir görmək hər bir ölkənin, həmin tədbirlərə riayət etmək və ciddi yanaşmaq isə cəmiyyətin məcbur olduğu vəzifədir. Heç bir ölkənin və cəmiyyətin koronavirusu yox saymaq şansı yoxdur və bu özünü doğrultmadı (İsveç bir təcrübə oldu. Ölüm sayı qonşu Norveç və Finlandiyadan 10 dəfə çox oldu, iqtisadi geriləmə də həmin ölkələr səviyyəsində, hətta nisbətən daha çox oldu.) (Qeyd: Belarsuiyanın statistik göstəricilərinə inanacaq qədər sadəlövh deyiləm).

Bunları niyə qeyd edirəm? Lütfən, 2020-ci ilin əvvəllərində COVİD-19 ilə bağlı səhvləri cəmiyyət olaraq təkrar etməyək. Lağ-lağı dolu yanaşmalar, inamsızlıqlar, hətta virusun olmaması ilə bağlı fikirlər və digər səhvlər bir çox insanların təəssüf ki, ölümlərinə səbəb oldu. (Təəssüf ki, xüsusilə ilkin mərhələlərdə bir çox yoluxma və ölümlər məhz virusa qarşı laqeyd münasibətin nəticəsində oldu). Rusiyada tüğyan edən, ətrafımızdakı ölkələrdə görünməyə başlayan, dünyanı narahat edən Delta variantı ilə bağlı inamsızlıq, lağ-lağı, qeyri-ciddi fikirlər, oyun olması (əgər oyun da ölümlə nəticələnirsə ondan qorunmaq və tədbir görmək vacibdir. Əksi, ağılsızlıq olar) kimi fikirlərlə yenidən insanları bu virus qarşısında hazırlıqsız vəziyyətdə qoymaqdır. İnsanları peyvəndə təşviq etmək, tədbirləri bir an da olsa yaddan çıxartmamaq, məsələyə daha incə yanaşma nümayiş etdirməin daha doğru addım olacağını düşünürəm. Sosial şəbəkələrdə və cəmiyyətdə insanlar arasında 2020-ci ilin əvvəllərindəki qeyri-ciddi tərzdə olan fikir və statusların peyda olması narahatedici məqamdır.

Visiontv.az