1930-cu il Şəki üsyanının rəhbərlərindən biri, yarbay Bəhram bəy Nəbibəyov
1930-cu il Şəki üsyanının rəhbərlərindən biri, yarbay Bəhram bəy Nəbibəyov
06.12.2023 Əkbər Qoşalı Tərəfindən

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri, yarbay Bəhram bəy Qasım bəy oğlu Nəbibəyovun anadan olmasının 139-cu ildönümüdür .

1918-ci ilnoyabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin topçu briqadasına təyinat alan Bəhram bəy Nəbibəyov, sonra 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət edib. 1919-cu ilin noyabrında Bakının Şüvəlan-Türkan yönündə dənizdən müdafiəsinin təşkili onun başçılığı ilə 3-cü topçu batareyasından və 5-ci Bakı piyada alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılıb. Dəstə #Denikin qüvvələrinin dənizdən gözlənilən təhlükəsinin qarşısını almaq üçün Şüvəlan-Türkan-Qala xətti üzrə dəniz qıyısı böyunca müdafıə mövqeləri tutub. 


O, 1920-ci ilin mart-aprel aylarında Cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda da fəal iştirak edib. Bəhram bəy Nəbibəyovun komandiri olduğu batareya 08.04.1920-ci ildə Malıbəyli-Şuşakənd çevrəsində gedən döyüşlərdə özəlliklə fərqlənib. General Həbib bəy Səlimovun Hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda Bəhram bəy Nəbibəyovun bu xidmətləri özəl olaraq vurğulanıb.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bir müddət sovet ordusu sıralarında xidmət edib, Şuşanın və Şəkinin hərbi komissarı olan Bəhram bəy Nəbibəyov, Şəki Hərbi Komissarlığında işləyərkən (1930-cu ildə) Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri olub. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olub.
Ruhu şad olsun!

Əkbər Qoşalı

visiontv.az