Cəmil Həsənlini yaxşı tanıyırsız. Tanımış tarixçidir. Siyasətçi kimi də fəaliyyəti bəllidir. O, İranın müdafiəsi ilə bağlı bir status paylaşıb. Arqumentlərindən biri də odur ki, İsrail Təbriz aeroportunu vurur və.s. Bunlarla işim yox. Ancaq bir məsələ ilə bağlı Cəmil Həsənliyə etirazım var. Özü də kəskin şəkildə.
Hörmətli Cəmil bəy. Siz Vudro Vilson (Woodrow Wilson) Mərkəzinin Demokratiya Uğrunda Mükafatının Laureatısız. Bu mükafatı 2015-ci ildə almısız. Mən nəyə etiraz edirəm? Woodrow Wilson kimdir? O, (1913 –1921) illərdə ABŞ-ın 28-ci prezidenti olub. Qatı türk düşmənidir. Türkiyəyə və təşəkkül tapmağa can atan Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınır. Hətta “Wilsonian Armenia” (Vilson Ermənistanı) deyilən bir ifadə var. Ermənilər bu ifadədən indi də dönə-dönə istifadə edirlər.
“Vilson Ermənistanı” nə deməkdir? Bunu Azərbaycanda Cəmil bəydən yaxşı bilən çətin tapılsın. Çünki o, həmin dövrlə bağlı böyük tarixi araşdırmaların müəllifidir...
Sevr müqaviləsində Ermənistan Demokratik Respublikasının sərhədlərinin konfiqurasiyası yer alır. Bax həmin o konfiqurasiyanı cızan kişinin adı Woodrow Wilsondur. Vilson Ermənistanına Ərzurum, Bitlis, Van və Trabzon kimi Osmanlı vilayətləri daxil idi. Trabzon vilayətini də ora daxil etmişdilər ki, Ermənistanın yerli liman üzərindən Qara dənizə çıxışı da olsun.
ABŞ Senatı 1920-ci ildə Vilsonun Ermənistanda mandat yaratmaq təklifini rədd etdi...
İndi mən soruşuram. Hörmətli Cəmil bəy. Siz bu işin tarixini bilirsiz. Woodrow Wilsonun fəaliyyətindən də xəbərdarsız. Hansı məntiqlə siz türk düşmənin adını daşıyan bu mükafatı qəbul etmisiz? Üstəlik, bu mükafatla da fəxr edirsiz...
Elbəy Həsənli
visiontv.az