Mədəni sərvətləri korlama və mədəni sərvətləri məhv etmə anlayışları müəyyənləşir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna aşağıdakı anlayışlar əlavə edilir:
- yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
- mədəni sərvətləri korlama – mədəni sərvətlərin tarixi və mədəni dəyərinin qismən itirilməsinə, bədii-estetik görkəminin dəyişdirilməsinə, ilkin vəziyyətinin təhrif olunmasına, yeni quruluşa və ya qismən yararsız hala salınmasına səbəb olan qanunsuz müdaxilələrin və ya digər qanunsuz əməllərin törədilməsi;
- mədəni sərvətləri məhv etmə – mədəni sərvətlərin dəyərinin həmişəlik itirilməsinə və ya ilkin vəziyyətinin bərpasının qeyri-mümkün olduğu tam yararsız hala salınmasına səbəb olan qanunsuz olaraq dağıdılması, parçalanması, yandırılması, partladılması və ya digər təsir üsullarının qanunsuz tətbiq edilməsi.
Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Layihəyə əsasən, bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla, dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına yol verilməyəcək.
Qüvvədə olan qanuna əsasən, Qanunda istifadə olunan yaradıcı şəxs anlayışı mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs deməkdir.
Qüvvədə olan qanuna əsasən, mühafizə məqsədilə mədəni sərvətlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilir.
Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.
Mədəniyyət sahəsində bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla, mədəni sərvətlərin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsinə yol verilmir.