ABŞ və Avropanın son bir həftədə Ukraynaya ayırdığı silah və texnikanın siyahısına və funksiyalarına baxmaq kifayətdir ki, bu mühairbənin çox amansız şəkildə və hələ uzun müddət davam edəcəyini deyə biləsən.
Necə ki, ABŞ, 1960-70-ci illərdə Vyetnamda təkcə Şimali Veytanamla deyil, bütün Şərq bloku ilə savaşırdı, necə SSRİ 1979-89-cu illərdə yalnız əfqanlarla deyil, Qərb və müsəlman aləmi ilə vuruşurdu, indi də Rusiya Ukrayna ilə deyil, bütünlüklə Qərblə vuruşur.
Bu müharibə Rusiya üçün ağır nəticələr verəcək, üstəlik hər keçən gün nəticələr daha da ağırlaşır. Hətta qazansa belə bu, "Pirr qələbəsi" olacaq.
Nəzərə almaq lazımdır ki, Ukraynaya yeni silahlar hər gün gəlir və üstəlik yazın gəlməsi ilə yaşıllıq partizan müharibəsi üçün daha əlverişli şərait yaradır. Nizami orduların dünya təcrübəsində partizan müqavimətini qırması nadir hallarda, özü də ağır itkilərlə mümkün olur. Ukraynada isə bu çox çətin olacaq.
Belə anlaşılır ki, ruslar indi Ukraynanı böyük meydan müharibəsinə çəkmək və burda ağır məğlubiyyətə uğratmaqla hərbi və psixoloji üstünlüyü təmin etməyə çalışırlar. Bu rusların cəbhədə vəziyyəti dəyişmək üçün yeganə ümid yeridir.
Amma Ukrayan tərəfi hələlik bu böyük toqquşmadan yayınmağa çalışır. Çünki bu şəkildə aparılan mühairbə Ukrayna üçün əlverişlidir. Böyük meydan müharibəsi isə Ukrayan üçün ağır nəticələr doğura bilər.
Siyasi şərhçi Kənan Rövşənoğlu
Visiontv.az