Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir. Məhz bu gün – 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd edilməsi barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib.
Türkiyə Respublikasının yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Türkiyə Respublikasının ərazisi 783 min kvadrat kilometrdir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur. Cümhuriyyət günündə Medianews.az-ın suallarını tədqiqatçı-alim Adıgözəl Məmmədov cavablandırır.
– Adıgözəl müəllim, müasir Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri çox ciddi narahat edir. Bəs Osmanlı dövründə vəziyyət necə idi? İmperiya daxilində, idarəetmədə hansı proseslər baş verirdi?
– Əvvəla xatırladım ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub. Osmanlının son dövrlərində imperiyada rəsmi məzhəb dörd məktəbdən və ən çeviki sayılan hənifəlikdən ibarət idi. Baxmayaraq ki, digər ortodoksal təriqətlər də tanınırdı. Bütün bunlarla bərabər, Osmanlı İmperiyasında islamın bütün çalarları dinc yanaşı mövcudiyyətini sürürdü. Burada dini sistemin tam şəkildə tərtibi XV-XVI əsrlərə aiddir. Osmanlı sultanı özünə xəlifə, yəni bütün müsəlmanların rəhbəri titulunu götürərək, bununla öz nüfuzunu möhkəmləndirdi. Ruhanilər (üləmalar) imperiya əhalisinin ən nüfuzlu qruplarından biri idi. Ruhani iyerarxiyasının başında İstanbul müftisi – vəzifəcə baş vəzir səviyyəsində olan şeyxülislam dururdu. Onun ardınca iki qazi – əsgər, sonra da digər ali ruhanilər gəlirdilər. Osmanlının rühani liderləri hüquqi və inzibati işlərə nəzarəti həyata keçirən yerli qazilərin və dindarların iman məsələlərini diqqətdə saxlayan, sənətkar və tacir birliklərinə göz qoyan mühtəsiblərin təsdiqi sistemi vasitəsilə prosesləri nəzarətdə saxlamağa cəhd göstərirdi. Osmanlı İmperiyasının ümumi sarsılması müsəlman ruhaniliyindən başladı. Bir çox ruhanilərin rüşvətxorluğu və ədalətsizliyi əhalinin narazılığına səbəb olurdu. Bunu P.A.Tolstoyun Rusiya dövlət qədim aktlar arxivində saxlanılan məktublarından da görmək olar: “İndiki Vəzir Əmcəzadə Hüseyn Paşa (Köprülü ailəsindən dördüncü vəzir) saraydan uzaqlaşdırılıqdan sonra bu vəzifəyə gətirilmişdir. Hüseyn Paşa “Taldaban” ləqəbi ilə daha çox tanınırdı. Əslində, o, əmrə sadiq və siyasətdən uzaq birisiydi. Bu baxımdan, saray içi intriqaların qurbanı oldu. İndiki Vəzir bu görəvə başlayana qədər rəis – əfəndi məqamında otururdu. Bu Vəzir həm siyasətçi, həm də xristian dövlətlərə xoş görünməyə çalışır. İndiki Vəzir hər bir işi Müftünün (Şeyxülislam) xəbəri olmadan etmir. Müftü Sultanın müəllimi olmuşdur və bu baxımdan, padşahın böyük etibarını qazanmışdır. Sultan istisna hal kimi Müftü ilə təkbətək sarayda görüşür və ondan tövsiyə alır, dövlətin önəmli məsələlərini onunla məsləhətləşir. Sultan Müftüyə böyük hörmətlə yanaşır. Hətta dövlətin bir çox məsələləri ilə əlaqəli Sultana ünvanlanmış müraciətlər Müftünün və onun oğullarının vasitəsilə həyata keçirirlər. Müftünün oğulları içində daha çox təsir gücünə onun böyük oğlu Kip əfəndi malikdir və o, əmirlərin rəisidir. Müftü və onun oğulları özlərinə yaxın olanları Məhəmməd ümmətinin şəriət məhkəmələrinə qazi, Osmanlı vilayətlərinə isə vali təyin etdirirlər. Hətta məktəblərə müəllim təyinatı da onların əli ilə həyata keçirilir. Müftünün böyük oğlu Kip atasının ölümündən sonra onun məqamına oturacağından çox əmindir. Bu təyinatın sarayda artıq həll olunduğu söylənilir. Bütün Osmanlı xəzinəsi bu ailə üzvləri arasında əriyir və bu pulları onlar öz məqsədləri üçün istifadə edirlər”. Artıq bu dövrdən Osmanlının Ərəbistan bölgəsində vəhhabilik adlı yeni təriqət formalaşırdı.
– Bu gün Türkiyədə baş verən hadisələri 1713-cü ildə Osmanlıda baş verən proseslərlə eyniləşdirmək mümkündürmü?
– “Həqiqətən də, “tarix təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif heç də yanılmayıb. Hazırkı Türkiyədə real durum bir daha onu göstərdi ki, bir çox siyasilərimiz bu ibrətamiz sözdən nəticə çıxarmalıdır. Birinci Dünya müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı İmperiyası onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər”lə məskunlaşmış bütün və hətta türklər məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi. Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında Vudro Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin bir dövlət kimi varlığına son qoyulması da nəzərdə tutulmuşdu. İlk əvvəl onlar düşünürdülər ki, imperiyanın varlığına son qoyub, onu ideokratik (sultanlıq institutunun xilafəti – islami liderliyi) əsasdan məhrum edib, yerində mədəni geosiyasi impotent əldə ediblər, bir sözlə, onu qazıq-qazıq ediblər. Lakin burada anqlosakslar çox önəmli səhvə yol verirdilər. Birincisi, onlar böyük dövlət xadimi Atatürk faktorunu, ikincisi, türk millətinin genoloji olaraq dövlət yaradan milli mental xüsusiyyətlərini nəzərə almamışdılar. Ona görə də Versal konfransı Osmanlı İmperiyasının 500 il ərzində mövcudluğu dövründə türk etnosunun və onun ərazi nüvəsinin formalaşdığını etiraf etməyə məcbur qaldı. Nəticədə, onun milli dövlətinin olmasını qəbul etmək zorunda qaldılar. Osmanlı dövlətinin I Dünya müharibəsində uğradığı məğlubiyyətdən sonra toplanan Paris Sülh Konfransında düşmən tərəfin təmsilçisi olan və ermənilərə Osmanlı torpaqlarından pay verilməsi üçün çalışan, daha sonra Lozanna Sülh Konfransında “erməni haqlarını” gündəmə gətirən Poqos Nubar Paşanın başçılıq etdiyi “Erməni Milli Heyəti”nin xəyanətkar missiyası unudulmamalıdır. Yeri gəlmişkən, onu da xatırladım ki, Osmanlı İmperiyasında ermənilər mühüm postlarda təmsil olunurdular və onlara böyük etimad var idi. Misal üçün, Qabriel Noradunkyan adlı şəxs 1908-ci ilin avqust ayından Osmanlı İmperiyasının ticarət naziri, 1912-1913-cü illərdə xarici işlər naziri olmuşdu. Lakin sonradan Osmanlıya böyük xəyanəti də məhz onlar etdilər. Qayıdaq ötən əsrin 20-ci illərinə. Maraqlıdır ki, bu dövrdəki mübarizədə Türkiyəyə ilk kömək əlini uzadan sovet Rusiyası oldu. Əslində sovet Rusiyasına Türkiyə ilə yaxşı münasibətlər, həmçinin Orta Şərqdə Türkiyə vasitəsi ilə stabilliyin pozulması lazım idisə, Türkiyəyə də Rusiyadan konkret maliyyə, hərbi və “geosiyasi” kömək lazım idi ki, milli ərazilərini nəyin hesabına olursa-olsun, bərpa etsin. Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk beynəlxalq siyasi aksiyası onun sədri Mustafa Kamal Atatürkün Türkiyə ilə sovet Rusiyası arasında diplomatik münasibətlərin qurulması və imperializmə qarşı birlikdə mübarizə aparmaqla bağlı çağırışı oldu. Sovet hökuməti Atatürkün müraciətinə müsbət cavab verdi və mübarizə aparan Türkiyə hökumətini ilk olaraq 1920-ci il, 2 iyun tarixində tanıdı. Hətta türk xalqına o zaman üçün böyük miqdar sayılan 10 milyon rubldan çox qızıl pul, xeyli silah-sursat, rabitə vasitələri və sair ilə kömək etdi. 1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalandı. Bütün bunlar, üstəgəl Türk xalqının azadlıqsevərliyi və Mustafa Kamal dühası Türkiyə Cümhuriyyətinin yaranmasında xüsusi rol oynadı.
– Əgər tarix təkrarlanırsa, 1921-ci ildəki Türkiyə-Rusiya əlaqələrini indiki dövrdə hər iki ölkə arasındakı münasibətlərlə eyniləşdiririksə, o zaman bu yaxınlarda Kazanda keçirilən, Kremlin əsas söz sahiblərindən biri olduğu BRICS Sammitində nə üçün Ankaranı bu təşkilata tam hüquqlu üzv seçmədilər?
– İmperativ düşüncə tərzinə məxsus olan dövlətin liderlərinin baxış bucaqları çox zaman təzyiqedici olur. Faktiki olaraq, bütün imperiyaların siyasi fiqurları həmişə özündən zəif, xırda dövlətlərə yuxarıdan aşağı baxıb. Bəzən də öz iradələrini diktə etmiş psixologiyanın daşıyıcıları olurlar. Bəziləri özlərini sanki, dünyanın super gücü hesab etdiyi üçün Türkiyəyə rəqib kimi yox, yuxarıdan aşağı baxıb. Onun Prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı davranışlarına dövlətlərarası münasibət baxışı yox, imperativ düşüncə tərzindən gələn davranış kimi nəzər salmaq lazımdır. Bunu dövlətlərarası münasibətlər müstəvisinə keçirmək düzgün deyil. Amma bunu bilməlidirlər ki, dünyanın istənilən aparıcı dövləti regionda Türkiyə ilə razılaşdırılmış qarşılıqlı mənfəətlər kontekstində siyasət həyata keçirməsə, həmişə uduzacaq. Türkiyə elə bir coğrafiyaya məxsusdur ki, sanki dünyanın açar rolunu oynayır. Vest-Hind dəniz dəhlizi gündəmə gələnə qədər bütün dünyanın sahibi Osmanlı İmperiyası idi. Çünki, bütün kommunikasiya xətləri Osmanlının ərazisindən keçirdi. Tarixin gərdişi elə gətirdi ki, Avropaya kommunikasiya xətləri yenə də Türkiyə ərazisindən keçəcək. İstər ABŞ, istər Rusiya, istərsə də Səudiyyə Ərəbistanı olsun, Türkiyənin maraqlarını nəzərə almadan regionda siyasət həyata keçirə bilməzlər. Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri çox ciddi narahat edir. Bu gün Türkiyənin üzərində oynanılan oyunlar məhz bu məqsədə xidmət edir.
Visiontv.az