“Tinn News”: "İran və Azərbaycanın sərhəd-keçid məntəqələri"
11.02.2026

“Tinn News” saytı İran–Azərbaycan sərhədində fəaliyyət göstərən əsas quru keçid məntəqələri və onların nəqliyyat, ticarət və səyahət baxımından əhəmiyyəti ilə bağlı icmal material dərc edib.

Məqalədə bildirilir ki, iki ölkə arasında dörd əsas quru sərhəd-keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Poldəşt fəaliyyət göstərir. Bu məntəqələr həm sərnişin daşımaları, həm də idxal-ixrac əməliyyatları üçün əsas marşrutlar hesab olunur.

Nəşr Astaradakı sərhəd-keçid məntəqəsini ən məşhur və tarixi gömrük qapısı kimi təqdim edir. Bildirilir ki, bu xətt xüsusilə turizm və kiçik ticarət üçün geniş istifadə olunur. Biləsuvar keçidi isə 24 saat açıq olmaqla Ərdəbil bölgəsi üzərindən Azərbaycana ən yaxın quru marşrutlardan biri sayılır.

Culfa və Poldəşt məntəqələri əsasən Naxçıvan istiqamətində yük və ticarət daşımaları üçün strateji əhəmiyyət daşıyır. Culfanın Araz Azad İqtisadi Ticarət Zonasında yerləşməsi bu məntəqənin iqtisadi rolunu artırır.

Məqalədə qeyd edilib ki, son dövrlərdə siyasi və təhlükəsizlik səbəbləri ilə quru sərhədlərində məhdudiyyətlər yarana bilər. Bu səbəbdən səyahətçilərə Azərbaycana səfər üçün hava yolundan istifadə etməyin daha rahat və təhlükəsiz olduğu tövsiyə edilir.

visiontv.az