İranın ali rəhbəri Əli Xamenei son günlər ardıcıl mesajlar və rəsmi hesablarında paylaşılan postlarla “dayanıqlıq”, “milli güc” və “düşməni ümidsiz qoymaq” mövzularını ön plana çıxarsa da, onun hər hansı açıq iştirakdan və ya sahəvi görüşdən – o cümlədən ordu komandanları və hərbi strukturlarla birbaşa təmasdan – kənarda qalması yenidən diqqət çəkib.
Xamenei 20 Bəhmən (9 favral) tarixli televiziya müraciətində və sonrakı paylaşımlarda 22 Bəhmən (11 fevral) yürüşlərini “millətin güc və izzətinin təcəssümü” kimi təqdim edib, milli gücün əsasını hərbi imkanlarda deyil, “xalqın iradəsi və müqavimətində” gördüyünü bildirib.
Bu mövqelər onun aylardır ictimai səhnədən uzaq qalması fonunda səslənir və cəmiyyətlə əlaqəsinin əsasən əvvəlcədən yazılmış mesajlar və seçilmiş sitatlarla məhdudlaşdığına işarə edir.
Qapalı məkanlardan verilən sərt bəyanatların davam etməsi, eyni zamanda real və birbaşa iştirakın olmaması, rəhbərlik obrazında ikili mənzərə yaradır: sözlərdə yüksək ton, meydanda isə yoxluq.
visiontv.az