Tehran böhran yaratdıqdan sonra Hörmüz keçidinə nəzarəti müzakirə edir
12.05.2026

Gunaz TV-nin məlumatına görə, İranın hökumətyönlü mediası çərşənbə axşamı İran və Oman nümayəndə heyətlərinin Məsqətdə Hörmüz boğazındakı son vəziyyət və gəmilərin təhlükəsiz keçidi ilə bağlı danışıqlar apardığını iddia edib. Dünyanın ən strateji enerji marşrutlarından biri olan bu su yolu aylardır İranın addımları səbəbindən beynəlxalq gərginlik mərkəzinə çevrilib.

Məlumatlara görə, İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq üzrə baş direktoru Abbas Baqirpur rəhbərlik edib və aidiyyəti qurumların nümayəndələri də görüşdə iştirak ediblər.

İran mediası bildirib ki, tərəflər Hörmüz boğazı üzərində İran və Omanın “suveren hüquq və səlahiyyətlərini” vurğulayıblar.

Dünya neft və qaz daşımalarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı son aylarda SEPAH-ın addımları və hərbi gərginlik səbəbindən ciddi böhran yaşayır.

İran son aylarda bəyan edib ki, bu boğazdan keçmək istəyən gəmilər Tehrandan icazə almalıdır. Bu hədələrə keçid edən gəmilərə hücum xəbərdarlığı da əlavə olunub və bəzi hallarda gəmilərdən rüsum alındığı barədə məlumatlar yayılıb.

Bu vəziyyətə cavab olaraq ABŞ İran əleyhinə dəniz mühasirəsi planını işə salıb və nəticədə onlarla tanker və yük gəmisi limanlara geri dönməyə məcbur olub.

İran mediası həmçinin Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqezin İran nümayəndə heyəti ilə görüşərək texniki məsələləri müzakirə etdiyini yazıb.

visiontv.az