Pakistan Xarici İşlər Nazirliyi (XİN) "CBS News"un İran təyyarələrinin Nur-Xan aviabazasında yerləşdirilməsi barədə dərc etdiyi məlumatı təkzib edərək, onu "yanlış" adlandırıb.
Bildirilib ki, bu cür bəyanatlar regionda sülhün və sabitliyin təmin edilməsi üzrə səyləri pozmağa yönəlib.
Qeyd edilib ki, İran və ABŞ təyyarələri atəşkəsdən sonra və İslamabadda İranla ABŞ arasında danışıqların ilk raundu dövründə diplomatik heyətin, təhlükəsizlik xidmətləri əməkdaşlarının və inzibati işçilərin daşınmasını təmin etmək üçün Pakistana gedib.
"Hava gəmilərinin və köməkçi heyətin bir hissəsi danışıqlar prosesinin növbəti mərhələlərini gözləyərək müvəqqəti olaraq Pakistanda qalıb", - bəyanatda bildirilib.
Bununla yanaşı, vurğulanıb ki, ölkədə olan İran təyyarələrinin hər hansı hərbi əməliyyat və ya hərbi xarakterli tədbirlərlə əlaqəsi yoxdur.
Eyni zamanda, qeyd edilib ki, rəsmi danışıqların yeni raundunun olmamasına baxmayaraq, diplomatik əlaqələr, o cümlədən İranın xarici işlər nazirinin səfərləri davam edir.
Pakistan dialoqa, gərginliyin azaldılmasına və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri bundan sonra da dəstəkləmək niyyətində olduğunu təsdiqləyib.
Daha əvvəl "CBS News" bildirmişdi ki, ABŞ tərəfindən mümkün zərbə riski fonunda Pakistan İranın hərbi təyyarələrinin öz aerodromlarında yerləşdirilməsinə icazə verib.
visiontv.az