Sibiqa Putinin müharibə ilə bağlı Tramp və Si Cinpinlə görüş təklifinə münasibət bildirib
19.10.2026

ABŞ, Rusiya və Çin liderləri arasında üçtərəfli görüş müharibənin davamına xidmət edəcək.

Bu barədə Ukraynanın xarici işlər naziri  Andrey Sibiqa “X” hesabında yazıb.

O bildirib ki, Ukrayna, ABŞ və Rusiya prezidentlərinin görüşü müharibənin tez sona çatmasına kömək edə bilər, amma Rusiya, Çin və  ABŞ liderlərinin görüşü bunun tam əksinə xidmət edəcək.

Sibiqa qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin  ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə eyni masada oturmaq haqqı yoxdur: “O, bu masa arxasında oturmaq haqqını qazanmaq üçün atəşkəs təklifini qəbul edərək sülhə doğru ciddi bir addım atmalıdır. Bunun əvəzində isə biz mülki şəxslərə qarşı daha çox terror görürük. Terror davam etdikcə, ona heç bir masada yer olmamalıdır”, - Sibiqa vurğulayıb.

Qeyd edək ki, “The Wall Street Journal” Putinin Ukrayna müharibəsinin həlli üçün  ABŞ və Çin liderləri ilə üçtərəfli görüş formatı təklif etdiyini yazıb.

visiontv.az