İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır.
Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsinin komandiri Süleyman Hüseynov deyib.
O, Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində FHN-in müvafiq bölmələrinin də fəal iştirak etdiyini vurğulayıb:
"Qeyd edim ki, azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır. Hazırda tərəfimizdən müəyyən edilən ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Bu ərazilərdə bərpa və quruculuq işləri də paralel olaraq həyata keçirilir. Ərazilərdə məskunlaşan və ya səfər edən vətəndaşlara üz tutaraq mina, yaxud da partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyalar aşkar etdikdə həmin əşyalara toxunmamalarını, dərhal FHN-in "112" qaynar telefon xəttinə məlumat vermələrini xahiş edirik".
visiontv.az