Rusiyanın Göbbelsi-Solovyovun dediklərini ciddiyə almamaq da olardı, amma...
Rusiyanın Göbbelsi-Solovyovun dediklərini ciddiyə almamaq da olardı, amma...
15.03.2022 Ərəstun Oruclu Tərəfindən

Putinin şəxsi təbliğatçısı (Rusiyanın Yozef Göbbelsi) Vladimir Solovyov bildirib ki, heç bir sanksiyalar Rusiyanı dayandırmayacaq və onları tətbiq edənlər düşünməsinlər ki, Rusiya Ukrayna ilə kifayətlənəcək. "Ukrayna Rusiya üçün yalnız keçiddir" - deyə Solovyov əlavə edib.

Solovyovun dediklərini ciddiyə almamaq da olardı, amma onun son 2 il ərzində Ukraynaya hərbi təcavüzün ideoloji əsasını hazırlamasını nəzərə alanda dedikləri Kremlin mesajı kimi qəbul olunmalıdır. Rusiyanın konfliktin coğrafiyasını genişləndirmək niyyəti təbii ki, təkcə hansısa təbliğatçının bunun anonsunu verməsilə ölçülmür.Rusiyanın bugünkü siyasəti onu "olum ya ölüm" seçimi ilə üz-üzə qoyub. Ona görə də Putinin hətta Ukraynadakı ağır itkilərin nəticəsində dayanacağı inandırıcı görünməməlidir. İtkilər isə həqiqətən ağırdır. Dünən Pentagon-da keçirilən brifinqdə Rusiya ordusunun bütün hücum istiqamətlərində durdurulduğu bildirilib.Görünür, həmin səbəbdən də Rusiya Ukraynanın əksər böyük şəhərlərini öz ərazisindən atılan raketlərlə atəşə tutub. Bəzi məlumatlarda Rusiya ordusunun "İskander" raketlərindən istifadə etdiyi bildirilir. Pentagon-da onu da bildiriblər ki, Ukraynaya hərbi yardımın çatdırılması davam edir.Pentagon həmçinin Çinə də onun Rusiyaya hərbi və iqtisadi dəstək verəcəyi halda üzləşə biləcəyi problemlər haqqında xəbərdarlıq edib. Yayılan digər rəsmi məlumatda isə ABŞ dövlət katibi Blinkenin Nikol Paşinyanla telefon danışığı olduğu və onun Ermənistan prezidentinə Rusiyaya dəstək verənlərə Belarusun aqibətini bildirdiyi deyilir.

Görünür, belə xəbərdarlıq da təsadüfi deyil, çünki sosial media platformalarında bir sıra peşəkar hərbi araşdırmalar mərkəzlərinə məxsus hesablarda Ermənistanın Ukraynaya rus ordusunun tərəfində döyüşmək üçün 2.100 həbçi göndərməsi barədə xəbərlər yayılmışdır.ABŞ maliyyə nazirinin müavini bütün Rusiya məhsullarının idxalına qadağa qoyula biləcəyini deyib, Ağ Evin sözçüsü isə bildirib ki, ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını darmadağın edib. Bu da bildirilir ki, artıq Rusiya şəhərlərində bir sıra ərzaq məhsullarının qıtlığının yarandığı müşahidə olunur.Bu arada hər iki tərəfin dezinformasiya maşını var gücü ilə işləməkdədir.

Təhlillərdən aydın olan isə hələlik budur ki, Rusiya konflikti genişləndirməkdə davam edəcək. Amma eyni zamanda sual da yaranır ki, Ukraynada ağır duruma düşən rus ordusu başqa ölkələrlə necə və hansı resurslar hesabına döyüçəcək?Suala cavab tapmaq üçün Moskvanın Ukraynaya qarşı apardığı müharibənin bəzi detallarına diqqət yetirmək yerinə düşərdi. Bir sıra mənbələr iddia edir ki, Rusiya savaşa özünün əsas hərbi qüvvələrini cəlb etməyib. Bunu təsdiq və ya təkzib etmək bir o qədər də asan deyil, çünki yayılanlar informasiyadan daha çox dezinformasiyadır.Hətta belə də olsa hal-hazırda yaşanan uğursuzluq Rusiya ordusu üçün ən azı psixoloji baxımdan əlverişli deyil. Müharibədə isə psixoloji üstünlük həlledici amillərdəndir. Digər tərəfdən də rus ordusunun uğursuzluğu Ukrayna ordusunda ruh yüksəkliyi yaradır. Bu da öz növbəsində Ukrayna ordusunun motivasiyasını artırır.Deməli, bu iddianı yüksək ehtimalla əsassız saymaq olar. Başqa bir iddiaya görə rus ordusunun komandanlığı bilərəkdən döyüşlərə hələlik köhnə silahları cəlb edib ki, daha müasir silahları qarşıdan gələn daha ağır savaşlar üçün saxlasın. Bu iddia da özünü doğrultmur, çünki ölkələrin silah arsenalı az qala bütün detalları ilə bəllidir.Amma burda da müəyyən istisnalar var.

Şübhəsiz ki, istənilən ölkədə müasir silahların sayı, onların texniki detalları və dislokasiyası məxfi məlumatdır, amma bunları araşdırmaq, öyrənmək üçün də hərbi kəşfiyyatlar mövcuddur. Onlara isə silahların əksəriyyətinin nəinki dislokasiyası, hətta hansı nöqtələrə tuşlanması da məlumdur.Görünən budur ki, Moskvanın hədələri artdıqca onun rəqibləri də Rusiya ətrafında onsuz da sıxılan çərçivəni bir qədər də daraldırlar. Bu isə Rusiyanı eyni dərəcədə həm geri çəkilməyə, həm də irəliyə atılmağa sövq edə bilər. İkincinin ehtimalı daha yüksəkdir.

Xüsusilə də atılan addımların Rusiyanın təcridinə yönəldiyini nəzərə aldıqda.Rusiyanın növbəti hədəfi kimi isə istər Avropa dövlətləri, istərsə də postsovet ölkələr göstərilə bilər. Avropa ölkələri arasında daha çox Polşa, Litva və İsveç, postsovet ölkələr arasında isə Gürcüstan və Moldova ola bilər. Hər iki istiqamət eyni dərəcədə mümkündür.

Əgər Rusiya Ukrayna bataqlığında batıb qalmayacaqsa əlbəttə.

Politoloq Ərəstun Oruclu

Visiontv.az