Rusiya Qafqazı tərk etmənin astanasındadır
Rusiya Qafqazı tərk etmənin astanasındadır
24.09.2021 Müşfiq Məmmədov Tərəfindən

Rusiya imperiyası artıq tarixi eniş fazasına keçmişdir.

Qafqaz bilindiyi kimi çox millətli, oborigen millətlər olduğu kimi gəlmə xalqlarında yaşadığı çox qarışıq bir bölgədir. Qafqazı yalnızca coğrafi deyil, daha çox siyasi-coğrafi anlayış olaraq xarakterizə etmək olar. Tarixin bəlli zamanlarında Qafqazın sərhədləri dəfələrlə dəyişmişdir. Bəzən Artvin, Ərdəhan, İğdır,Trabzon belə Qafqaz sayıldığı halda, bəzən isə hətta Batum belə Qafqaz sayılmamışdır.

Demək ki, Qafqazın siyasi-coğrafi sərhədləri rus işğalı ilə təyin edilmişdir. Günümüzdəki Qafqaz regionu anlayışı rus imperiyası tərəfindən yaradılmışdır.

Tarixən ölkələr arası siyasətdə din, dil və məzhəb önəmli rol oynamışdır. Gürcüstan mədəni cəhətdən Rusiyaya digər Qafqaz xalqları ilə müqayisədə daha yaxındır, hətta eyni məzhəbə mənsubdurlar. Amma buna baxmayaraq, Ermənistan Rusiyaya siyasi cəhətdən daha yaxındır, nəinki Gürcüstan.  Bu səpkidən olan yaxınlıq kilsənin siyasət, notarius, idarə və mətbuat mərkəzi kimi rolları üstləndiyi vaxtlarda aktual idi. İndi isə artıq deyil.

2008-ci il Gürcüstan-Rusiya müharibəsi nəticəsində Rusiya iki qulpsuz çamadan əldə etdi. Abxaziya və Cənubi Osetiya . Amma bütövlükdə Gürcüstanı itirdi.

Ermənistan daxilində gedən siyasi mübarizə Avropa yönümlülərin qələbəsi ilə nəticələndi. Seçkilərdən qalib çıxan Paşinyan höküməti Ermənistanın kursunu artıq qərbə çevirib. Eyni zamanda Fransa kimi ölkələr Ermənistanı Rusiyanın inhisarından çıxarmağa cəhd göstərirlər.  Türkiyənin də verdiyi mesajlarda Ermənistanla birbaşa dialoq qurmaq yoluyla Rusiyanın kontrolundan çıxarmaq cəhdlərini görürük.

2-ci Qarabağ müharibəsindən məğlub çıxan Ermənistan Qarabağı Rusiyanın öhdəliyinə buraxaraq maddi və siyasi yükünü azaltmış oldu. Bu şəkildə Avropaya doğru daha sürətlə addımlamağı mümkündür. Rusiya isə növbəti qulpsuz çamadan əldə etdi.
Ermənistanın Rusiyadan qopmaq və müstəqil siyasət aparmaq istəyi. Hər nə qədər iqtisadi cəhətdən Rusiyaya bağlıda olsa da, zamanla Moskvanın ölkədəki təsirini neytrallaşdıracağına gətirib çıxaracaqdır.

Putinin elan etdiyi rusdili danışılan və rusdilli əhalinin mövcud olduğu  ölkələridə içinə alan “Rus dünyası” proekti əslində Rusiyanın həmən ölkələrə təzyiq mexanizmindən başqa bir şey deyildir.

Sovet İttifaqının parçalanması və Qafqaz respublikalarında yaşanan iqtisadi problem və müharibələr nəticəsində rusdilli əhalinin əksər hissəsi Rusiyaya köç etmişdir.

Gürcüstanda 1989-cu ildə 341172 rus yaşadığı halda 2014-cü ildə cəmi 26 453 rus qalmışdır . Ölkədə isə 21 rusca təhsil verən orta məktəbin ancaq  2-sində tam rusca təhsil almaq mümkündür.

Ermənistanda 1989-cu ildə 51555 rus olduğu halda günümüzdə 10 000 civarı rus əhalisi yaşamaqdadır. Rus dilində təhsil verən məktəb sayı isə 42-dir.

Azərbaycanda 1989-ci il statistikasına əsasən 392304 rus vətandaşımız mövcud olmuşdur. Hal hazırda isə 120 000-ə qədər enmişdir. Məktəb məsələsindəki vəziyyət isə bizdə qonşularımızdan fərqlidir. Son illərdə əhali arasında rus dilində təhsilə maraq artmış və məktəbləri sayı 340-a çatmışdır. Ümumiyyətlə bizdə rus dilində təhsilə bu qədər maraq niyə artmışdır və gələcəkdə ana dilimiz yerinə rusça təhsil almağımızın nə kimi fəsadları yaradacağı sualı yaranır. Təklif edərdim ki, rus dilində və başqa dillərdə təhsil haqqında dövlət siyasətinə yenidən baxılmalı və dəyişdirilməlidir.

Şimali Qafqaz respublikalarında da vəziyyət bizdən fərqli deyildir. Əgər Çeçenistanın əhalisinin 1989-cu ildə 25%-ni ruslar təşkil edirdisə, günümüzdə rusların sayı 20 000 civarına düşmüşdür. Dağıstanın isə əhalisinin sadəcə 3,6%-ni ruslar təşkil edir.
Rus və rusdilli əhalinin regionda azalmağı Rusiyaya o regionun yadlaşmağı və tədricən itirilməyi deməkdir.

Bu gün bizə əl çatmaz kimi görünən bu proses artıq başlamışdır. Geri dönülməzdir, çünki heç bir Qafqaz ölkəsi artıq bu regionda ya Rusiyanı görmək istəmir və ya da daxili işlərinə qarışmayan bir Rusiya istəyir.

Regionda ki, hərbi bazalar əslində Rusiya üçün artıq yükdən başqa bir şey deyildir. Çox bahalı siyasətdir. Əslində öz iqtisadiyyatı bərbad vəziyyətdə olan bir ölkə üçün belə məsrəflər etmək heç də məntiqli deyildir.  Müasir silahlar və texnologiyalar  hərbi baza qurmadan belə bəlli bir regiona müdaxilə etmək imkanı yaradır. Abxaziya, Osetiyanın işğalı və Qarabağdakı sülhməramlılar Rusiyanın regionu fiziki olaraq tam itirməmək üçün çırpıntıları və son təsir vasitələridir .

Siyasi şərhçi Müşfiq Məmmədov

Visiontv.az