Rusiya Avropaya elə tələblər irəli sürüb ki, müharibə elan etsə, ondan yaxşı olardı
16.11.2026

9 aydan sonra ilk dəfə Rusiya, Ukrayna və ABŞ bir masaya oturdu. Bu dəfəf küsülü Avropa nümayəndələrini də prosesə cəlb ediblər. Amma deyəsən bu iştirak avropalıların qanını qaraldıb. Ruslar onları nəyi var doluyub. Görüşdə yalnız bir konkret razılaşma əldə edilib. O da Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsidir.

Amma masanın üstündə avropalıların qanını qaraldan başqa bir sənəd də olub. Almaniyanın Bild qəzetinin yazdığına görə, Rusiya nümayəndələri avropalılara yeni Avropa təhlükəsizlik nizamı adlı qeyri-rəsmi təklif təqdim ediblər. Kremlin sözçüsü Dmitri Peskov sonradan Finlandiya ilə bağlı hissəni təkzib etdi. Bild özü də etiraf edir ki, bu, bir neçə paralel təklifdən biridir və Putinin onu şəxsən təsdiqləyib-təsdiqləmədiyi bilinmir. Amma təkzibə baxmayaraq, sənədin məzmunu çox şey deyir. Söhbət tək Ukraynadan getmir, söhbət bütün Avropadan gedir. Sızan məlumatlara görə rusların təklif paketində qeyd edilir ki, Rusiya işğal etdiyi bütün əraziləri özündə saxlayır, üstəlik Donbasın, Donetsk və Luqanskın Kiyevin əlində qalan hissəsini də alır. Ukrayna daimi neytral qalmalı və NATO-ya üzv olmaqdan imtina etməlidir. Aİ-yə üzvlük mümkündür, amma Aİ-nin ümumi müdafiə siyasətindən kənarda qalmalıdır. Odessa və Mikolayiv limanları hərbi-dəniz bazası kimi istifadə oluna bilməz. Yekun olaraq Qərb silahlarının verilişi dayandırılır. Bu Ukraynaya aid tələblərdir. İndi keçək Avropaya. Finlandiya 2023-cü ildə qoşulduğu NATO-dan çıxıb neytral statusa qayıtmalıdır. Estoniya, Latviya və Litvada NATO bazaları qadağan olunur. NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır. Yəni 1997-ci ildən sonra NATO-ya qoşulan 16 ölkə faktiki olaraq alyansdan çıxarılmalıdır. Moldova federallaşdırılır. Əgər Moldova Aİ-yə qoşulsa, Dnestryanı və Qaqauziya müstəqillik referendumu keçirə bilər. NATO nüvə paylaşımından imtina edir, Britaniya və Fransanın nüvə zəmanətləri başqa Avropa ölkələrinə şamil olunmur. Bunun müqabilində Rusiya deyir ki, Belarusdakı taktiki nüvə silahlarını yığışdıracam. Vəssalam. Yəni Rusiya Avropadan 30 illik təhlükəsizlik arxitekturasını sökməyi istəyir, əvəzində isə özünün onsuz da beynəlxalq hüquqa zidd olaraq yerləşdirdiyi silahları geri çəkməyi təklif edir. Rusiya niyə belə davranır sualını verib ağıllı fikirlər, versiyalar, nəticələr yaza bilərm. Amma boş sözlər olacaq. Rusun siyasəti zatən budur. Ayı xislətlidir. Qarşıdakını zəif olduğunu hiss etdisə, qorxu iyini qapdısa dərhal parçalayacaq. Bu baxımdan Moskva qarşıdakını dolayan tələblər irəli sürməkdənsə müharibə elan etsəydi daha məntiqli olardı.

P.S. Avropada isə Çörçill, Şarl De Qoll kimi siyasətçilər olsaydı rusların bu təklifini çırpardı başına. Heyif ki o cür siyasətçilər ta yoxdur. Hamısı nərmə-nazik sol liberallardır. Putin, Tramp kimi qaba kişilər üstlərinə bir dəfə qışqıran kimi girməyə deşik axtarırlar.

Şöhrət El-Dəniz

visiontv.az