Donald Tramp, Si Cinpin və Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi xəbəri təsdiqlənib
16.11.2026

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi xəbəri təsdiqlənib. Bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır.

Donald Tramp görüşdə Vladimir Putinin Ukrayna siyasətinin dəyişdirib-dəyişdirməyəcəyini müəyyənləşdirməyə çalışacaq. Rusiya Prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur. Bunu Əbu-Dabi danışıqları da göstərdi. Tramp atəşkəs istəyir. Putin Donbasın tamamının ona təhvil verilməsi şərti ilə atəşkəsə razılaşa biləcəyini vurğulayıb, hələ üstəgəl onun Avropada yeni təhlükəsizlik arxitekturasının qurulmasıyla bağlı əlavə tələbləri də var. Halbuki, Brüssel Avropanın yeni təhlükəsizlik arxitekrurasına ehtiyacı olmadığı qənaətindədir.

Vladimir Putin və Si Cinpin İran məsələsində də Donald Trampla razılaşa bilməyəcəklər. ABŞ kəşfiyyatının son məlumatına görə, İranın hazırda ballistik raketlərinin sayı 2 mini keçib. Tramp rusiyalı və çinli həmkarını inandırmağa çalışacaq ki, onlar Tehrana təzyiq etsinlər. Ancaq Moskva və Pekinin Tehrana təzyiq etmək planları yoxdur, əksinə Rusiya və Çin İranın ABŞ qarşısında müqavimət gücünün artırılmasında maraqlıdırlar. ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Bu komponentlərin isə Rusiya və Çindən əldə edildiyi ehtimalı yüksəkdir.

Trampın Çindən bir başqa istəyi bu ölkənin nüvə razılaşmalarına qoşulmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmalarına görə, Rusiya - 4 min 400, ABŞ – 3 min 700, Çin – 620 nüvə başlıqlı raketə malikdir. “Soyuq müharibə” illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növbləriə dair razılaşmaları mövcud olub. SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin bu razılaşmaların kənarındadır. Vaşinqtonun istəyinə rəğmən, Pekin nüvə razılaşmalarına qoşulmaq istəmir. Bu Çinə imkan verir ki, nüvə silahlarının istehsalını istədiyi qədər artırsın.

Bu arada, Hindistanın Baş naziri Narendra Modinin gündəmi fərqlidir. O noyabrın 15-də Manilada işinə başlayan ASEAN sammində Hindistanın Qlobal Cənub siyasəti çərçivəsində bölgə ölkələri ilə ikitirəfli əlaqələri gücləndirməyə çalışdığını bildirib. Hindistanın ASEAN-a üzv ölkələrlə əlaqələri Yeni Dehlinin “Şərqə Doğru Hərəkət” siyasətinin özəyini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsinin dayandırlması və İran məsələsində ortaq məxrəcə gəlməsində çox maraqlıdır. Çünki bu müharibələr Hindistanın enerjiyə və digər strateji məhsullara çıxış imkanlarını məhdudlaşdırıb.

Elxan Şahinoğlu

visiontv.az