London-Bakı münasibəti Aysberqə bənzəyir: Görünməyən tərəfi görünəndən daha böyükdür.
London-Bakı münasibəti Aysberqə bənzəyir: Görünməyən tərəfi görünəndən daha böyükdür.
16.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

Bu münasibətlərin məhz görünməyən tərəf Britaniyanı Azərbaycanla strateji edir. Məsələn mənə görə Dublində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi aysberqin görünən tərəfidir.

Aysberqin ən dərin qatı isə məncə tarixdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Britaniya Bakını Rusiya ilə Osmanlı arasında bufer kimi görürdü. Britaniya generalı Tomson Bakıya neftə görə yox, geosiyasətə görə gəlmişdi. Sonra bolşeviklər gəldi, münasibət dondu. Amma donmuş aysberq ərimədi. O, suyun altında gözlədi. 1991-ci ildə Azərbaycan müstəqil olanda London Bakını ilk tanıyanlardan oldu. 1992-ci ildə diplomatik münasibət quruldu. Sanki London Bakının xəritədə yenidən peyda olmasını gözləyirdi.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda hamı elə bildi ki, bu, təkcə neft müqaviləsidir. Əslində bu, həm də siyasi müqavilə idi. BP Bakıya gələndə, BP ilə birlikdə Britaniya dövləti də gəldi. BP-nin boruları ilə birlikdə Britaniyanın maraqları da Bakıya gəldi. O gündən bəri Londondan olan gizli əl dəfələrlə Bakını qoruyub. Bunu heç kim etiraf etməyib, amma nəticələr bu fikri deməyə əsas verir. Aysberq metaforasının ən mübahisəli, ən çox danışılan hissəsi 44 günlük müharibədir.

İddia edənlər var ki, BMT Təhlükəsizlik Şurasında məhz Londonun veto hüququ Azərbaycana qarşı sanksiyaların qarşısını aldı. Amma açıq mənbələrdə Böyük Britaniya 2020-ci ildə Azərbaycana qarşı sanksiya qətnaməsinə veto qoydu deyə bir sənəd yoxdur. Çünki belə bir qətnamə səsverməyə çıxarılmadı.

Amma bu, o demək deyil ki, London heç nə etmədi. Əksinə, diplomatiyada ən güclü veto, səsverməyə çıxarılmayan vetodur. 44 günlük müharibədə Fransa dəfələrlə Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə layihəsi irəli sürməyə çalışdı. Atəşkəsə çağırış, sanksiya təhdidi, Azərbaycanı qınayaq cəhdləri oldu. Bəs bu cəhdlər niyə qətnaməyə çevrilmədi? Çünki Təhlükəsizlik Şurasında daimi üzvlərdən biri Böyük Britaniya və ABŞ bu cəhdlərin arxasında dayanmadı. London BMT kulisində dedi ki bu qətnamə keçməyəcək. Və Paris geri çəkildi.

Diplomatiyada buna gizli veto deyirlər. Sən veto qoymursan, sən veto qoyacağını bildirirsən və məsələ gündəlikdən düşür.

Londonun 44 günlük müharibədəki rolu məhz bu idi. O, Bakını açıq şəkildə müdafiə etmədi, amma Bakıya qarşı cəbhənin yaranmasına da imkan vermədi. O, BMT-də Azərbaycanın əleyhinə olan diplomatik dalğanı səssizcə qırdı.

Çünki Londonun, BP-nin Bakıda marağı var. Cənub Qaz Dəhlizində marağı var. Azərbaycan uduzsaydı, Londonun 30 illik investisiyası çökərdi.

Ona görə London Bakını səssizcə qorudu. Əslində bu, dostluq deyil. Bu, geosiyadi və geoiqtisadi maraqlardır. Və bu maraqlar dostluqdan daha etibarlıdır.

Dublin Bəyannaməsinin altında da gizli qatlar var. Heç bir sənəddə yazılmır, amma əminəm ki, London və Bakı illərdir kəşfiyyat məlumatı mübadilə edir. Terrorizm, İran, Rusiya, Ermənistan, Xəzərdə təhlükəsizlik, bu məsələlərdə Britaniya kəşfiyyatı MI6 və Azərbaycanın xüsusi xidmət orqanları arasında daimi kanalın olduğu qənaətindəyəm.

O cümlədən hamı bilir ki, BP Azərbaycan neftini çıxarır. Amma hamı bilmir ki, London Azərbaycanın qazını Avropaya satmaq üçün 30 il diplomatik müharibə aparıb.

TANAP və TAP layihələri təkcə iqtisadi layihə deyildi. Onlar Rusiyanın qaz monopoliyasını qırmaq üçün həm də siyasi layihədir. London bu layihənin arxasında dayandı. Çünki London Rusiyanın Avropanı qazla şantaj etməsini istəmirdi.

İndi eyni prosses yaşıl enerji ilə davam edir. London Azərbaycanın küləyini, günəşini Avropaya bağlamaq istəyir. Dublin Bəyannaməsindəki bərpaolunan enerji bəndi məhz bunun görünən tərəfidir. Azərbaycan neft gəlirlərini həm də London City-də saxlayır. Azərbaycanın qızıl ehtiyatları, valyuta ehtiyatları London banklarından keçir.

Bu o deməkdir ki, London Azərbaycanın pulunu qoruyur, Bakı isə Londonun maliyyə sisteminə etibar edir. Pul haradadırsa, etibar da oradadır. Bu, ən dərin etibar formasıdır.

Buna görədə Bakı Londonu qıcıqlandıra bilməz, London da Bakını itirə bilməz. Bu balans 30 ildir münasibəti sabit saxlayır.

London üçün Azərbaycan həm də Türk dünyasına, Orta Asiyaya qapıdır.

London Qazaxıstanın neftini, Özbəkistanın uranını, Türkmənistanın qazını istəyir. Onların hamısına yol Azərbaycandan keçir. Ona görə London Bakını qorumaqla əslində Orta Asiyaya gedən yolu qoruyur.

Dublin Bəyannaməsindəki Orta Dəhliz bəndi məhz bu gizli qatın görünən ucudur.

Londonun siyasəti həmişə belə olub. Britaniya imperiyası tarixən gizli diplomatiya ilə işləyib.

Dublin Bəyannaməsi isə Aysberqin görünməyən tərəfini ilk dəfə suyun üstünə çıxırır. 30 il ərzində London Bakını kulisdə qoruyurdu. İndi o, Bəyannamədə açıq yazır ki, biz strateji tərəfdaşıq.

Bu, Londonun siyasətində böyük dəyişiklikdir. London artıq gizlənmir. London deyir ki, Bakı mənim tərəfdaşımdır.

Çünki dünya dəyişib. Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin rəqabəti, Orta Dəhliz uğrunda yarış və sair. Artıq Londonun gizli oynamağa vaxtı qalmayıb. London açıq tərəfdaşlara ehtiyac duyur. Və Bakı həmin açıq tərəfdaşlardan biridir.

Şöhrət El-Dəniz

visiontv.az