Rizvan Nəbiyev: Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin beynəlxalq mediada işıqlandırılması qlobal diqqəti gücləndirib
20.05.2026

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada işıqlandırılması regiondakı humanitar çağırışlara qlobal diqqətin artmasına töhfə verib.

Bunu  WUF13 çərçivəsində  “Media as a Driver of Public Discourse on Housing and Urban Resilience” (“Medianın mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin formalaşmasında rolu”) mövzusunda keçirilən media brifinqində Milli Məclisin deputatı və  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin  Müşahidə Şurasının üzvü  Rizvan Nəbiyev deyib.

O bildirib ki, işğal dövründə  Azərbaycan jurnalistləri həmin ərazilərə gedə bilməsə də, beynəlxalq media  Ağdam məscidinin dağıdılması və  Ağdamın “Qafqazın Xirosiması” adlandırılması kimi faktları dünya ictimaiyyətinə çatdırıb.

Rizvan Nəbiyevin sözlərinə görə, media Qarabağ və Şərqi  Zəngəzurda mina təmizlənməsi, ekoloji bərpa, mədəni irsin qorunması və keçmiş məcburi köçkünlərin reinteqrasiyası proseslərinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.

O qeyd edib ki, Azərbaycan ərazisinin təxminən  30%-i mina və partlamamış hərbi sursatlarla çirklənib, 1,5 milyondan çox mina və partlayıcı qurğu isə bölgədə əsas problemlərdən biri olaraq qalır.

Deputat əlavə edib ki, azad edilmiş ərazilərdə artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb və növbəti on ildə 200-dən çox yaşayış məntəqəsinin bərpası planlaşdırılır.

Rizvan  Nəbiyev vurğulayıb ki, dayanıqlı şəhərlərin gələcəyi yalnız fiziki infrastrukturdan deyil, həm də informasiya infrastrukturundan və ictimai dialoqun keyfiyyətindən asılıdır.

visiontv.az